Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir X.Murtuzayeva/
Pis yuxu ailə həyatında problemlərə gətirib çıxara bilər. Belə bir nəticəyə Kaliforniyanın Berkli Universitetinin alimləri gəliblər. Bu barədə Trend xarici mətbuata istinadən yazır.
Belə ki, ər-arvaddan daha az yatanı şikayət etməyə, deyinməyə və tərəfdaşını onu qiymətləndirməməkdə ittiham etməyə başlayır.
Araşdırma müəllifləri insanın yata bilməməsinin bir neçə səbəbini göstəriblər. Buna xoruldamaq və ya gecələr işləmək aiddir. Bununla yanaşı, bəzi adamlar az yatmaları və uzun müddət yuxusuz qala bilmələri ilə fəxr edirlər.
Alimlər ümid edirlər ki, apardıqları araşdırma cəmiyyətin insan üçün yuxunun nə qədər əhəmiyyətli olmasını anlamasına kömək edəcək. Ekspertlər orqanizmin normal işləyə bilməsi üçün yuxuya ayrılan saatın miqdarının minimum beş, ideal halda səkkiz saat olduğunu xatırladırlar.
Yeri gəlmişkən, Psixi Sağlamlıq Fondunun məlumatına görə, bu gün planetimizdə hər üç nəfərdən biri xroniki yuxusuzluqdan əziyyət çəkir. Planetin normal yatan yaşlı əhalisinin ümumi sayı isə cəmi 40 faizdir.