...

Gəncədə ilk dəfə yeni görkəmdə xalça toxunur

Maraqlı Materials 3 Oktyabr 2015 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Gəncədə ilk dəfə yeni görkəmdə xalça toxunur.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Azərbaycan xalçaçılıq sənətində ilk dəfə Gəncədə şəhərin tarixi abidələrini özündə əks etdirən xalça toxunur. "Gəncə abidələri" adlı bu xalça Şəhər Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzinin Xalçaçılıq dərnəyində ilmələrə düzülür.

Toxunmasına ötən ilin martından başlanılan sənət əsərinin layihəsi də elə Gəncə Şəhər Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzi tərəfindən hazırlanıb. Burada İmamzadə Dini Memarlıq Kompleksi, Şah Abbas məscidi, Çökək hamam, Nizami Gəncəvi məqbərəsi, Cavadxan, Comərd Qəssab turbələrinin, eləcə də Kəpəz dağının, Gəncə Qala Kompleksinin və Şəhər İcra Hakimiyyətinin inzibati binasının portretləri əks olunur.

Xalçanı dərnəyin iki müəlliməsi toxuyur və əsər sadə forması, rəngarəngliyi ilə fərqlənir. Gəncə xalçaçılıq məktəbinə xarakterik olan ornamentlər və rənglər də əsərdə öz əksini tapır.

Toxuculuq dərnəyinin rəhbəri Afaq Qəribova deyib ki, bu xalçada müxtəlif cür ipliklərdən istifadə olunub: "Həmin ipliklərdə arğac sapları da öz əksini tapır. İpliklərimizin müxtəlifliyinə səbəb Gəncəmizin qədimliyini göstərməkdir. Çalışmışıq ki, orada kərpiclərin rəngi, Cavadxan türbəsinin rənginin təbiiliyini çatdıra bilək. Həddən artıq sapların toxunuşunda sıxlıq var. Bu da həmin çalarların, ümumilikdə, istədiyimiz fonda olan Gəncənin portretinin gözəl alınmasına səbəb olacaq".

"Gəncə abidələri" xalçasının eni 1 m 30 sm, uzunluğu isə 1 m 50 sm olacaq. Bu ayın sonuna kimi təhvil verilməsi planlaşdırılan sənət əsəri dərnəkdə toxunan ikinci xalçadır.

Gəncə şəhər Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzində hazırda 16 adda dərnək var. Xalçaçılıq dərnəyi isə 2013-cü ildən fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti