Azərbaycan, Bakı / Trend müxbir İ. Əlizadə/ ATƏT Parlament Assambleyasının (PA) sentyabrın 29-dan oktyabrın 1-dək Sloveniyada keçiriləcək payız sessiysı çərçivəsində qurumun daimi komitəsinin toplantısı olacaq və ATƏT PA-nın prezidenti Qoran Lenmarker Dağlıq Qarabağ münaqişəsinə dair məruzə ilə çıxış edəcək. Bu barədə cümə axşamı Bakıda Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova məlumat verib.
"Məruzədə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ərtrafında yaranmış vəziyyət əks olunub" - deyə Muradova əlavə edib.
Lenmarker ATƏT PA-nın sədri olmaqla yanaşı, qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi məruzəçisidir. Lenmarker münaqişə ilə bağlı xüsusi məruzə hazırlayıb. Lakin bu məruzə bir neçə ildir ki, ATƏT PA-nın sessiyasında müzakirəyə çıxarılmır.
Muradova qeyd edib ki, Azərbaycan nümayəndə heyəti Daimi Komitənin iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyəti, atəşkəs rejiminin ermənilər tərəfindən tez-tez pozulması, işğal altında olan ərazilərin yandırılması, mədəniyyət abidələrinin dağıdılması kimi məsələləri gündəmə gətirəcək.