Azərbaycan, Bakı, 13 fevral / Trend / "Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağla bağlı əsas fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı çətinliklərin olması Qafqazdakı gərginliyin yüksək səviyyədə qalmasına rəvac verir", - ABŞ milli kəşfiyyatının yeni direktoru Dennis Bler hesab edir.
"Azərbaycan Kosovonun öz müstəqilliyini elan etməsindən, Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımasından və Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin yaxşılaşması əlamətlərinin peyda olmasından sonra təcrid olunmaqdan çəkinir", - cümə axşamı Kapitoli təpəsində Konqresin kəşfiyyat üzrə xüsusi senat komitəsində dinləmələr zamanı Bler bildirib. Bu barədə İTAR-TASS xəbər verir.
Milli kəşfiyyatın direktorunun fikrincə, Ermənistanı isə əsasən "Bakının öz silahlı qüvvələrini artırması" narahat edir. "Hər iki tərəf iqtisadi böhran zamanı "demokratik islahatların həyata keçirilməsində ətalətin aradan qaldırılması problemləri" ilə qarşılaşır", - Bler qeyd edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə o vaxtdan etibarən ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
"Qafqaz gərginlik mənbəyi olaraq qalır", - Bler bildirib. Onun sözlərinə görə, "Rusiya və Gürcüstan arasında Abxaziya və Cənubi Osetiya üstündə hərbi əməliyyatlardan sonra" bu rayonlar "hələ də qaynar nöqtələr olaraq qalır". Orada "təxribat, həddindən artıq reaksiya bildirmə və səhv qiymətləndirmələrlə bağlı risklər qalır ki, bu da hərbi əməliyyatların bərpa olunmasına gətirib çıxara bilər".
Milli kəşfiyyatın direktorunun sözlərinə görə, "Gürcüstanda siyasi durum sabitləşsə də, prezident Mixail Saakaşvili milli müxalifət tərəfindən getdikcə artan tənqidlərlə qarşılaşır və onun buna reaksiyası Gürcüstanın demokratik inkişaf proqramını ya möhkəmləndirəcək, ya da çox geriyə atacaq".