...

Azərbaycanlı millət vəkillərinin Xocalı soyqırımı haqqında ingilis dilində kitabının təqdimatı keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Fevral 2009 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycanın millət vəkilləri Həvva Məmmədova və Qənirə Paşayevanın müəllifləri olduğu ingilis dilində "Xocalı soyqırımı" kitabının çərşənbə axşamı TREND Xəbərlər Şirkətinin mətbuat mərkəzində təqdimatı keçirilib.

Həvva Məmmədova bildirib ki, kitabda Xocalı soyqırımı zamanı əsir düşmüş şəxslərin xatirələri, qətlə yetirilənlərin adlı siyahısı əks olunub. "Azərbaycan həqiqətlərini əks etdirən kitabların xarici dillərdə nəşr edilməsi böyük əhəmiyyət kəsb edir", - millət vəkili bildirib.

Kitabın həmmüəllifi və elmi redaktoru Qənirə Paşayeva deyib ki, Xocalı soyqırımı haqqında yüksək səviyyədə hazırlanan kitabların sayı çox olmalıdır. "Xocalı soyqırımı" kitabı ilə tanış olacaq xarici oxucular soyqırım haqqında daha geniş məlumatlar əldə etmək imkanına malik olacaqlar", - millət vəkili bildirib.

"Xocalı soyqırımı" kitabının Amerika Birləşmiş Ştatlarında Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar baş tutacaq "Xocalı həftəsi" çərçivəsində də təqdimatı keçiriləcək.

Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Azərbaycan hökuməti Xocalı soyqırımı ilə bağlı Ermənistan dövlətinin Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa məhkəməsi) verilməsini araşdırır. Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov öncə Trend -a bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti