...

ATƏT PA Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi önəm verir - Joao Soareş

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2010 12:18 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının sədri Joao Soareş hesab edir ki, rəhbərlik etdiyi qurum Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi önəm verir.
ATƏT PA Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi önəm verir - Joao Soareş

Azərbaycan, Bakı, 15 mart / Trend , müxbir A.Hüseynbala/

ATƏT Parlament Assambleyasının sədri Joao Soareş hesab edir ki, rəhbərlik etdiyi qurum Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi önəm verir.

"Bizim istəyimiz bundan ibarətdir ki, bütün tərəflər müharibənin hansısa zorakılıq hərəkətləri ilə həll edilməməsinin vacibliyini bəyan etsinlər. ATƏT PA-nın Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsinin olması qurumun bu münaqişənin həllinə önəm verdiyinin göstəricisidir", - Trend -un məlumatına görə, bunu bazar ertəsi Soareş jurnalistlərə bildirib.

Assambleyanın sədri Joao Soareşin və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndə Qoran Lenmarkerin rəhbərliyi ilə ATƏT-in Parlament Assambleyasının nümayəndə heyəti şənbə günü Azərbaycana üçgünlük səfərə gəlib.

ATƏT PA-nın nümayəndələri regional səfər çərçivəsində Gürcüstan, Ermənistanda olub və səfəri Azərbaycanda başa çatdırırlar. Hər üç ölkədəki danışıqlar Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsnin həll prosesinə, həmçinin, 2008-ci il avqust münaqişəsindən sonra Gürcüstandakı vəziyyətə aiddir.

Bu, ATƏT-in Parlament Assambleyasının sədri qismində Soareşin Azərbaycana ilk səfəridir. Əvvəllər o, Azərbaycana seçki müşahidəçisi qismində gəlib.

ATƏT PA-nın sədri hesab edir ki, müharibə heç bir münaqişənin həll yolu olmamalıdır.

Ermənistanın yenilənmiş Madrid prinsipləri ilə razılaşmamasına gəldikdə, Soareş deyib ki, münaqişənin həlli üçün əldə olunan razılaşma əsasında hərəkət etmək lazımdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti