...

Ankaranın Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı ziddiyyətli bəyanatları ciddi təzyiqlərin olmasından xəbər verir – politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Avqust 2010 13:11 (UTC +04:00)
NATO və ABŞ alyansın təlimlərinin keçirilməsi zamanı Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində Türkiyəyə təzyiq göstərirlər. Bu barədə müstəqil politoloq Fikrət Sadıqov bildirib.
Ankaranın Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı ziddiyyətli bəyanatları ciddi təzyiqlərin olmasından xəbər verir – politoloq

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir S.Ağayeva/

NATO və ABŞ alyansın təlimlərinin keçirilməsi zamanı Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində Türkiyəyə təzyiq göstərirlər. Bu barədə müstəqil politoloq Fikrət Sadıqov bildirib.

Bunu NATO hərbi təlimlərinin keçirilməsi zamanı Ermənistan-Türkiyə sərhədinin açılması mümkünlüyü ilə bağlı Ankaradan daxil olan ziddiyyətli məlumatlar sübut edir, rəsmi şəxslərin bu məsələ ilə bağlı bəyanatları bir-biri ilə tam ziddiyyət təşkil edir. Bu barədə politoloq şənbə günü Trend-ə bildirib.

Bundan əvvəl verilən məlumatda Türkiyənin sentyabrın 11-dən 17-dək Ermənistanda keçiriləcək hərbi təlimlər çərçivəsində Türkiyə-Ermənistan sərhədinin qismən və müvəqqəti açılacağını istisna etmədiyi bildirilib. Lakin Türkiyə XİN başçısı Əhməd Davudolğlu bu məliumatı təkzib edib.

Politoloqun sözlərinə görə, bir məsələ aydındır: Ermənistan-Türkiyə münasibətlərinin siyasi həlli və onların gələcəkdə diplomatik münasibətlərin bərpası və iqtisadi əlaqələrin inkişafı planında sabitləşməsi ilə əlaqədar yaxın perspektivdə sərhədlər açılmayacaq. Politoloq yaxın perspektivdə belə həll variantını istisna edir.

"Təlimlər zamanı sərhədlərin açılması məsələsinə gəldikdə, Türkiyəyə açıq-aydın təzyiq göstərilir və bu təzyiq, əlbəttə ki, yaranmış vəziyyətdən istifadə etməyə çalışan və bununla bu regionda öz nüfuzunu və strateji maraqlarını nümayiş etdirmək istəyən NATO və ABŞ tərəfindən açıq şəkildə hiss olunur", - politoloq qeyd edib.

"Türkiyə hakimiyyətinin müstəqil xarici siyasət və hətta bəzən ABŞ-ın regiondakı prioritetləri ilə uyğunlaşmayan müstəqil kurs yürütməsinə baxmayaraq, o, müəyyən mənada manevr etməyə çalışır. Heç olmasa, NATO təlimləri zamanı sərhədləri açmaqla Ankara onların gələcəkdə daha uzun müddətdə bağlı qalacağına ümid edir", - Sadıqov hesab edir.

Azərbaycanlı politoloqun fikrincə, bu, qətiyyən o demək deyil ki, Türkiyə Azərbaycan ərazilərinin azad olunması və ümumilikdə, Dağlıq Qarabaq münaqişəsinin nizamlanması ilə əlaqədar bir sıra məsələlərlə bağlı Yerevana irəli sürdüyü şərtlər yerinə yetirilmədən Ermənistanla sərhədləri açacaq. "Mən bu iki məsələni əlaqələndirmək istəməzdim. Lakin bir şey aydın və məlumdur ki, Ankara Vaşinqton tərəfdən ciddi təzyiq hiss edir və bunu Türkiyənin rəsmi şəxslərinin mülahizələrindəki bəzi ziddiyyətlər sübut edir", - politoloq qeyd edib.

Türkiyə ilə Ermənistan arasında sərhədlər 1993-cü ildə Yerevanın "erməni soyqırımı"nın dünyada tanınması iddiaları və Ermənistan SQ-nin Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bağlanıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. 1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti