...

Azərbaycan XİN Avropa Parlamenti deputatlarının Dağlıq Qarabağa getməsi faktını araşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2010 18:38 (UTC +04:00)
Xarici İşlər Nazirliyi Avropa Parlamentinin bir neçə deputatının Azərbaycanın işğal olunmuş ərazilərinə getməsi faktını araşdırır.
Azərbaycan XİN Avropa Parlamenti deputatlarının Dağlıq Qarabağa getməsi faktını araşdırır

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir S.Ağayeva/

Xarici İşlər Nazirliyi Avropa Parlamentinin bir neçə deputatının Azərbaycanın işğal olunmuş ərazilərinə getməsi faktını araşdırır. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov deyib.

"Müvafiq səfirliklərə bu faktı öyrənmək tapşırığı veriləcək. Bu fakt öz təsdiqini tapacağı təqdirdə, həmin deputatlar nazirliyin "qara siyahısı"na daxil ediləcəklər", - Poluxov qeyd edib.

"Armenia Today"in verdiyi məlumata görə, cümə axşamı Azərbaycanın işğal olunmuş ərazilərinə Avropa Xalq Partiyasının eksperti Nikolas Zilberqlaydın və Avropanın "Hay Dat" komitəsinin rəhbəri Hilda Çoboyanın müşayiəti ilə Avropa Parlamentinin deputatları Danien Abad (Avropa Xalq Partiyası), Mişel Revaz (Avropa Yaşıllar İttifaqı) gəliblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti