...

Astanada Dağlıq Qarabağla bağlı verilən bəyanat müsbət meyldir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2010 11:46 (UTC +04:00)
ATƏT-in Astana sammiti Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadı, lakin prezidentlərin verdikləri bəyanat müsbət meyl oldu. Ekspertlər bu qənaətdədirlər.
Astanada Dağlıq Qarabağla bağlı verilən bəyanat müsbət meyldir

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

ATƏT-in Astana sammiti Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadı, lakin prezidentlərin verdikləri bəyanat müsbət meyl oldu. Ekspertlər bu qənaətdədirlər.

"Bu bəyanat çox əhəmiyyətlidir. O, 3+2 formatında qəbul edildi ki, bu da öz növbəsində, indiki məqamda Qarabağ münaqişəsinin həlli üzrə səylərin daha da artırıldığını göstərir və səylərin artırılmasının təsdiqidir", - Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Trend-ə müsahibəsində bildirib.

Son 11 ildə keçirilməyən ATƏT sammiti dekabrın 1-2-də Astanada Qazaxıstanın təşkilata sədrliyi çərçivəsində keçirilib. Sammitə bütün üzv ölkələrin dövlət və hökumət başçıları gəlib.

Sammitdə münaqişə tərəfləri olan ölkələrin - Azərbaycan və Ermənistanın prezidentləri, eləcə də ATƏT-in Minsk qrupunun üzvü olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bəyanat veriblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bəyanat Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına çağırır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Müşahidəçilərin fikrincə, Dağlıq Qarabağla bağlı bəyanat müsbətdir, lakin sammitdə münaqişənin özünə lazımi diqqət göstərilməyib.

Trend-in Ekspert Şurasının üzvü, rusiyalı politoloq Aleksey Vlasov agentliyə müsahibəsində bildirib ki, heç bir istiqamətdə gözlənilən nəticələr sona çatdırılmadı: nə ATƏT-in islahat məsələsi, nə lokal münaqişələr mövzusu, nə də Qırğızıstan və Əfqanıstanla bağlı böhrandan sonrakı nizamlama.

Onun fikrincə, münaqişələrin nizamlanması məsələsi ATƏT üçün böyük problem olaraq qalır.

"Hələ sammitdən əvvəl razılaşdırılması mümkün olan oyun qaydaları var. Gürcüstan və Abxaziya mövzusu Dağlıq Qarabağdan fəal müzakirə olundu. Sammit həll üçün müəyyən imkanları olan Dağlıq Qarabağ münaqişəsi mövzusunu irəliyə aparmağa səy göstərmək əvəzinə Gürcüstan münaqişəsinin həllində ilişib qalıb", - Rusiyanın "Vestnik Kavkaza" analitik agentliyinin baş redaktoru, MDU-nun Tarix fakültəsinin dekan müavini Aleksey Vlasov Moskvadan telefonla Trend-ə bildirib.

Vlasov hesab edir ki, analitiklərin proqnozları özünü 100 faiz doğrultdu.

"Dağlıq Qarabağa dair bəyanat niyyətlər haqqında növbəti bəyanat oldu. Sözsüz ki, bu, müsbət sənəddir, bəs bundan sonra nə olacaq? Beynəlxalq vasitəçilərin dedikləri irəliləyişlər haradadır?" - Vlasov əlavə edib.

Novruz Məmmədovun fikrincə, bəyanat göstərir ki, tərəflərin, xüsusilə də Ermənistanın bu prosesdə destruktiv addımlar ata və nizamlanmanın uzadılması üçün səbəblər axtara bilməyəcəyi belə şəraitin yaradılması vacibdir.

"Bu sənəd Ermənistanın destruktiv addımlar atması imkanlarını məhdudlaşdıran sənəddir. Bəyanat münaqişənin sülh və danışıqlar, sabitlik və təhlükəsizliyin təmin edilməsi yolu ilə nizamlanmasını əsas məqsəd kimi qarşıya qoyur. Eyni zamanda, bəyanat münaqişənin güc tətbiq olunmadan, beynəlxalq hüquq normaları çərçivəsində, BMT Nizamnaməsinə, Helsinki Yekun Aktının qaydalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və bu prosesdən sonra qəbul olunan digər sənədlərə əməl olunması əsasında nizamlanmasını nəzərdə tutur", - o deyib.

Məmmədovun sözlərinə görə, onu da qeyd etmək vacibdir ki, bu, münaqişə tərəfi olan ölkələrin prezidentlərinin və həmsədr ölkələrin bəyanatı olduğuna görə, onu belə anlamaq lazımdır ki, həmsədr ölkələrin prezidentlərinə münaqişənin nizamlanması prosesində daha fəal olmaq öhdəliyi verilir.

"Çünki bu günədək bir ildən artıq müddət ərzində bu məsələdə Rusiya Federasiyası ən fəal ölkə olub. Təbii ki, əgər üç həmsədr ölkə varsa, onda onların hər biri bu prosesdə fəal olmalıdırlar. Və bu, bəyanatda öz əksini tapıb.", - Məmmədov deyib.

Erməni politoloq Stepan Qriqoryan hesab edir ki, bəyanat həmsədr ölkələrin prezidentlərinin Muskokada imzaladıqları sənədi dəstəkləyir. Bu, danışıqların gələcəkdə davam etdirilməsi üçün baza razılaşmasıdır.

"Bu gün son vaxtlar əldə olunan etimad tədbirlərinin möhkəmləndirilməsi ilə yanaşı, intensiv danışıqların aparılması üçün bütün şanslar var. Hazırda tərəflər böyük sülh müqaviləsinin hazırlanmasına keçməyə hazırdırlar", - Ermənistanın Qloballaşdırma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin direktoru Stepan Qriqoryan Trend-ə bildirib.

Lakin avropalı ekspert Maykl Emersonun fikrincə, Astana sammitinin nəticələrinin olub-olmaması [kimin necə qiymətləndirdiyini nəzərdə tutur] ondan xəbər verir ki, ümumilikdə, təşkilatın Cənubi Qafqazda münaqişələrin həllinə münasibətdə təsir imkanları çox azdır.

"Nüfuzlu oyunçuların mövqeyinə gəldikdə, hesab edirəm ki, onlardan heç biri həqiqətən güclü mövqe tutmaq istəmir", - Brüsseldə Avropa Siyasi Araşdırmalar Mərkəzinin Avropa mehriban qonşuluq siyasəti proqramına rəhbərlik edən Emerson Trend-ə bildirib.

"Cənubi Qafqazdakı münaqişə tərəfəri görünür, razılaşmaya yaxın deyillər. Tərkibində 56 üzv ölkə olan ATƏT iri, ağır tərpənən təşkilatdır. ATƏT BMT kimi qeyri-effektiv təşkilatdır və hələ üstəlik, onun Təhlükəsizlik Şurası da yoxdur", - o, deyib.

Analitiklərin sözlərinə görə, təşkilata sədrliyin 2011-ci ildə Litvaya keçməsindən sonra ATƏT-in roluna ümidlər azdır.

Vlasovun fikrincə, sammitdən sonra Dağlıq Qarabağ münaqişəsinin tez və uğurlu nizamlanması ehtimalları sammitdən əvvəl necə idisə, həmin səviyyədə də qalır.

"Litva ATƏT-in sədri kimi diqqəti əsasən Gürcüstana yönəldəcək", - o, bildirib.

Emersonun fikrincə, gələn il ATƏT-ə Litvanın sədrliyi, bu ölkənin sədrlik dövründə uzunsürən münaqişələrin həllinin onun işinin prioriteti olacağını bəyan etməsinə baxmayaraq, çox əhəmiyyətsiz gözlənilir.

Materialların hazırlanmasında Y.Ostapenko iştirak edib

Xəbər lenti

Xəbər lenti