...

Azərbaycan deputatları Serj Sarkisyanın manevrlərini uğursuz cəhd adlandırırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Dekabr 2010 15:54 (UTC +04:00)
Azərbaycan deputatları Ermənistan parlamentinin beynəlxalq hüquqla tanınmayan subyektlərlə münasibətlərin nizamlanmasına yönələn qanun layihəsini qəbul etməsini Sarkisyan rejiminin növbəti manevri kimi qiymətləndirir.
Azərbaycan deputatları Serj Sarkisyanın manevrlərini uğursuz cəhd adlandırırlar

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan deputatları Ermənistan parlamentinin beynəlxalq hüquqla tanınmayan subyektlərlə münasibətlərin nizamlanmasına yönələn qanun layihəsini qəbul etməsini Sarkisyan rejiminin növbəti manevri kimi qiymətləndirir.

"Ermənistanda Sarkisyan rejiminin daxildə durumu çox ağırdır, bunun üçün də parlamentdə tərəfdaş qüvvələr vasitəsilə müxtəlif manevrlər edir", - bunu cümə günü Trend-ə Azərbaycan Milli Məclisinin deputatı Zahid Oruc bildirib.

Ermənistan mətbuatının cümə günü yaydığı məlumata görə, ölkə parlamenti ikinci və yekun oxunuşda "Beynəlxalq müqavilələr haqqında" qanuna düzəlişlər layihəsini qəbul edib. Həmin sənəd beynəlxalq hüquqla tanınmayan subyektlərlə sülhün təmin olunması, insan haqlarının müdafiəsi, humanitar və ya maliyyə-iqtisadi kömək məsələlərində münasibətləri nizamlayır.

Millət vəkili bunu Ermənistanın daxilinə yönəlmiş aksiyalar kimi qiymətləndirib.

"Ermənistan parlamentinin atdığı bu addım hüquq müstəvisində başqaları tərəfindən qəbul olunmayacaq", - Oruc bildirib. Millət vəkilinin sözlərinə görə, Ermənistan coğrafi müstəvidə Azərbaycan torpaqları üzərində hansı işğal əməliyyatlarını həyata keçirirdisə, parlamentdə də guya qanun müstəvisində eyni vandalizmi, qeyri-hüquqi davranışları ortaya qoyur.

"Bu qanun Serj Sarkisyanın komandası tərəfindən qəbul edilib ki, guya onlar da hansısa bir addımlar atırlar. Çünki Dağlıq Qarabağı tanımağa onların nə cəsarəti, nə də imkanları çatır", - Trend-ə Azərbaycanın millət vəkili Rasim Musabəyov bildirib.

Onun sözlərinə görə, bu, beynəlxalq hüquq nöqteyi-nəzərindən çox əhəmiyyətsiz qərardır.

"Bu yolla onlar Ayda öz suverenliyini təsdiq edən qərar qəbul edə bilərlər", - Musabəyov bildirib.

Millət vəkili hesab edir ki, Ermənistan bu beynəlxalq hüquq prinsiplərinə zidd olan qərara istinad edərək Abxaziya, Cənubi Osetiya, Dnestryanı ilə əlaqələr qurmağa cəhd edə bilərlər. "Lakin burda da Avropa İttifaqının, Gürcüstanın və Moldovanın kəskin reaksiyası ilə qarşılaşacaqlar. Ermənistanın Dağlıq Qarabağa münasibətində isə bu qanun heç nəyi dəyişməyəcək", - Musabəyov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti