Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir Y.Ostapenko/
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Rolan Kobia Aİ adından Avropa Parlamenti deputatının separatçı Dağlıq Qarabağa səfəri ilə bağlı təəssüfünü bildirib.
Ermənistan KİV-i məlumat verib ki, Avropa parlamentarisi, Ermənistan üzrə əsas məruzəçi Tomaş Poreba bazar günündən etibarən Dağlıq Qarabağda səfərdədir. O, orada tanınmamış respublikanın rəhbərliyi ilə görüşlər keçirir və Qarabağ münaqişəsinin nizamlanmasına, regiondakı vəziyyətə və ikitərəfli münasibətlərə aid məsələləri müzakirə edir.
"Biz anlayırıq ki, Dağlıq Qarabağ ərazisində bütün missiyalar noyabrda ATƏT-in qiymətləndirmə missiyası [işğal olunmuş ərazilərə] ilə bağlı məsələdə olduğu kimi, Azərbaycanla razılaşdırılmalıdır", - Trend-ə çərşənbə günü səfir telefonla bildirib.
Çərşənbə axşamı Avropa Parlamenti nümayəndəsinin Dağlıq Qarabağ ərazisinə getməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobiaya və Polşa səfiri Mixal Labendaya etiraz notasını təqdim edib.
Səfir Kobianın Trend-ə dediyinə görə, Aİ-nin nümayəndə heyəti Azərbaycan XİN-ə nazirliyə cümə axşamı səhər çatdırılacaq rəsmi cavabı bu günün sonunda göndərəcək.
Səfirin sözlərinə görə, Aİ ATƏT-in Minsk qrupunun işini və Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə axtarış səylərini tam dəstəkləməkdə davam edir. "Bizim üçün ATƏT-in Minsk qrupu münaqişənin həlli üzrə danışıqların yeganə platforması olaraq qalmaqdadır", - Kobia vurğulayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Kobianın sözlərinə görə, Avropa institutlarının sistemi elədir ki, Avropa Parlamenti tam müstəqil qurumdur. "Aİ-nin ali elçisi Ketrin Eşton Avropa Parlamenti üzərində nə qəbul edilən qətnamələrdə, nə məruzələrdə, nə də AP deputatlarının fərdi hərəkətləri üzərində hakimiyyətə malik deyil", - o qeyd edib.
"Bizə əvvəlcədən bu səfər barədə məlumat verilməmişdi. Eştonun başçılıq etdiyi Aİ-nin xarici xidməti ilə səfərin məqsədi və proqramı [Tomaş Porebanın Dağlıq Qarabağa] ilə bağlı məsləhətləşməyiblər, - Kobia əlavə edib. - Hamı kimi biz də səfər haqqında məlumatı Ermənistan KİV-dən öyrəndik".
Səfir ümid etdiyini bildirib ki, Aİ və Azərbaycan arasında assosiativ sazişi haqqında davam edən danışıqlar bundan sonra bu növ insidentlərdən yayınmağa kömək edəcək.
"Assosiasiya haqqında saziş BMT Nizamnaməsi və Helsinki Yekun Aktının müəyyən etdiyi ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik və müstəqillik prinsipləri daxil olmaqla, beynəlxalq hüquqa hörmət məsələsinə aid olacaq", - Kobia vurğulayıb.