...

Azərbaycan Baş nazirinin müavini bir sıra ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmamaqda günahlandırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Dekabr 2010 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov beynəlxalq qurumları və bir sıra ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmamaqda günahlandırır.

"Beynəlxalq qurumlar və bir sıra ölkələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyillər", - cümə axşamı jurnalistlərə Həsənov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Bu regionda münaqişənin olması bir sıra ölkələrin marağına cavab verir, belə ki, SSRİ dağıldıqdan sonra suverenlik əldə edən ölkələr onlardan asılı vəziyyətdə qalıblar", - Həsənov belə hesab edir. Onun sözlərinə görə, bununla da beynəlxalq qurumlar və bir sıra ölkələr təbii ehtiyatları istismar etmək məqsədilə regionu idarə etmək imkanı əldə ediblər.

Nazir müavininin sözlərinə görə, son 20 il göstərdi ki, beynəlxalq qurumlar bəzi hallarda münaqişənin həll olunmamasında Ermənistandan daha çox maraqlıdırlar.

"Bu gün qaçqınlar və məcburi köçkünlər daxil olmaqla, bütün Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan Prezidentinin siyasətinə ümid bəsləyir", - Həsənov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti