Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Latviyadakı səfirliyi "Ocaq" və "Azəri" cəmiyyətlərinin iştirakı ilə Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirib. Tədbirdə Azərbaycan diasporunun və Azərbaycanın Latviyadakı səfirliyinin nümayəndələri ilə yanaşı, Latviya Seyminin, xüsusilə də Latviya Parlamentinin Latviya-Azərbaycan Dostluq Qrupunun üzvləri, Latviya KİV nümayəndələri və həmin ölkənin ictimai xadimləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Latviya Respublikasındakı səfiri Elman Zeynalov, Latviya Azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzinin sədri, "Azəri" Cəmiyyətinin sədri və tədbirə dəvət almış qonaqların çıxışları səslənib.
Tədbirdə Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırım barədə toplantı iştirakçılarına elektron təqdimat şəklində məlumat verilib, videofilm nümayiş etdirilib. Tədbirin keçirilmə salonunda Xocalı faciəsinin dəhşətlərini nümayiş etdirən fotoekspozisiya yerləşdirilib.
Tədbir zamanı iştirakçılara 2009-cu ilin əvvəlindən başlamış və 2011-ci ildə davam etdirilən "Xocalıya Ədalət" kampaniyasının bir illik fəaliyyəti barədə məlumat verilib və www.justiceforkhojaly.org saytında yerləşdirilmiş petisiyaya qoşulmaq prosesi kütləvi şəkildə həyata keçirilib.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.