Azərbaycan, Bakı, 11 may /Trend, müxbir S.Ağayeva/
Erməni KİV-in İranın sabiq xarici işlər naziri Mənuçöhr Müttəkinin Dağlıq Qarabağa səfəri barədə məlumatı həqiqətəuyğun deyil. Azərbaycan Xarici İşlər Nazirliyi aydınlıq gətirib.
Azərbaycanın İrandakı səfirliyi XİN-in tapşırığı ilə erməni KİV-in məlumatının doğru olub-olmadığını araşdırıb və müəyyən edib ki, bu, həqiqətəuyğun deyil. Bu barədə çərşənbə günü Trend-ə XİN-in mətbuat xidmətinin əməkdaşı Elman Abdullayev məlumat verib.
Ermənistan KİV xəbər verir ki, İranın sabiq xarici işlər naziri Mənuçöhr Müttəki nazir olarkən, 2010-cu ilin payızında guya Dağlıq Qarabağa səfər edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.