...

İran XİN Ermənistandakı səfirliyin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatının səbəblərini araşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 May 2011 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir T.Cəfərov/

İran XİN İslam Respublikasının Ermənistandakı səfirliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatının səbəblərini araşdırır. Bu barədə şənbə günü Trend-ə İran XİN-in rəsmisi Ramin Mehmanpərəst deyib.

Bu gün İranın Ermənistandakı səfirliyi bəyanatla çıxış edərək bildirib ki, "Dağlıq Qarabağ münaqişəsi dialoq, güc tətbiq etməmə və öz müqəddəratını təyin etmə hüququna hörmət əsasında nizamlanmalıdır". Ermənistan KİV-in məlumatına görə, səfirlik bəyanatında suverenlik və ərazi bütövlüyünə hörmət prinsipini sadalamayıb.

Azərbaycanın İrandakı səfirliyi də İranın Ermənistandakı səfirliyinin bəyanatının səbəblərini öyrənir Bu barədə Trend-ə şənbə günü diplomatik missiyadan bildirilib.

"İran rəsmi səviyyədə həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb", - səfirlikdən qeyd edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti