Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir S.Ağayeva/
Təəssüf ki, aparıcı dövlətlər Ermənistana ciddi təzyiq göstərmirlər. Azərbaycanlı politoloq Fikrət Sadıxov bu qənaətdədir.
"Təəssüf ki, aparıcı dövlətlər Ermənistana ciddi təzyiq göstərmirlər, Ermənistanın deyil, Azərbaycanın rayonlarının işğal olunduğunu anladıqları halda Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfini eyniləşdirməkdə, Ermənistanın şıltaqlıqları ilə hesablaşmaqda və onunla "zarafatlaşmaqda" davam edirlər", - bu barədə şənbə günü Trend-ə azərbaycanlı politoloq Fikrət Sadıxov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Kazan görüşünün yekunlarını şərh edərkən bildirib.
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Kazanda keçirilən sammitdə Dağlıq Qarabağ münaqişəsinin baza prinsipləri əsasında həlli ilə bağlı razılığa gələ bilməyiblər. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.
Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan cümə günü Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər.
"Dövlət başçıları bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu qeyd ediblər. Bu məsələlərin həlli əsas prinsiplərin təsdiq olunması üçün şəraitin yaranmasına kömək edəcək", - bəyanatda bildirilir.
"Görüş iştirakçıları əsas prinsiplər layihəsinin razılaşdırılması məqsədilə aparılan işin gedişini nəzərdən keçiriblər", - sənəddə qeyd olunur.
Politoloqun sözlərinə görə, Azərbaycan ictimaiyyəti həm rəsmi şəxslərin, həm də ekspert cəmiyyətinin simasında lap əvvəldən Kazan görüşünə praqmatik yanaşırdı və xüsusi sevindirici ümidlər yox idi, çünki çoxillik münaqişə, Minsk qrupu çərçivəsində demək olar ki, iyirmi ildir davam edən danışıqlar prosesi və onun nəticəsizliyi öz-özlüyündə əhəmiyyətli faktdır və danışıqlar prosesinin xarakteri və mürəkkəbliyindən və Ermənistanın bu formatda mövqeyindən xəbər verir.
Sadıxovun fikrincə, bu danışıqlara hazırlığın özü münaqişənin həllində aparıcı dövlətlərin marağını sübut edir. Bu maraq ABŞ Prezidentinin Azərbaycan və Ermənistan liderlərinə telefon zəngi, Fransa ilə Ermənistan arasında az qala qohumluq əlaqələrinin olduğunu göstərən və öz ölkəsini "Ermənistanın bacısı" adlandıran Fransa Prezidentinin bəyanatı, eləcə də Rusiyanın bu ölkənin prezidentinin simasında əsas rolu ilə nümayiş olundu.
"Bütün bunlarla yanaşı, bu dövlətlərdən hər birinin öz maraqları və öz mövqeyi var - onlar üçün sülh, sabitlik, müxtəlif layihələrin, o cümlədən enerji layihələrinin həyata keçirilməsi və təbii ki, belə perspektivlər üçün şərait yarada biləcək davamlı sülh lazımdır", - politoloq deyib.
Onun sözlərinə görə, danışıqlar prosesində Azərbaycana güzəştə getmək Sarkisyan üçün hakimiyyəti itirmək deməkdir. "Və Sarkisyan anlayır ki, onun üçün nədəsə güzəştə getmək, Azərbaycan ərazilərinin qaytarılmasına başlamaq ölüm və hakimiyyətin itirilməsi kimidir. Məhz bu vəziyyətdə aparıcı dövlətlərin rəsmi Yerevana ciddi təzyiqi ona görə lazım idi ki, bu təzyiq danışıqlardakı güzəştlərə bəraətverici amil olsun", - politoloq bildirib.
Sadıxovun fikrincə, Kazanda kiçik, lakin hansısa irəliləyiş əldə olunub.
"Bu, prezidentlərin bəyanatında əks olunub, bu - yenə də mövqelərdə hansısa qeyd edilmiş yaxınlaşmadır və əlbəttə ki, regionda sülhün və sabitliyin bərqərar olmasını istəyən aparıcı dünya oyunçularının marağıdır", - o deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.