Bakı. Trend:
Avropa İttifaqı Şurası və Avropa Parlamenti Avropa Komissiyasının təşəbbüsü ilə bağlı müvəqqəti qərar qəbul etdi. Bu təşəbbüs Aİ-nin mülki vəsaitlərinin hərbi ehtiyaclara yenidən bölüşdürülməsinə imkan verəcək.
Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında bildirilib.
Məlumata əsasən, onlar həmçinin Ukraynanın Avropa Müdafiə Fonduna qoşulmasını dəstəkləyiblər.
"Avropa İttifaq Şurası və Avropa Parlamenti Avropa müdafiəsinə daha sürətli və daha çevik investisiya qoyuluşu yolunu dəstəkləmək barədə razılığa gəliblər", - deyə sənəddə qeyd olunub. Bu təşəbbüs, xüsusən də, elmi tədqiqat dəstək proqramından və ya Aİ-nin depressiyaya uğramış bölgələr üçün inkişaf fondlarından və digər Aİ mülki proqramlarından vəsaitlərin hərbi və ikili təyinatlı layihələrə yenidən bölüşdürülməsinə imkan verəcək.
Bu təşəbbüs 2030-cu ilə qədər Aİ-nin militarizasiya proqramının bir hissəsidir.