...

Azərbaycan XİN: Ermənistanda prezident seçkilərində kimin qalib gələcəyini indidən demək çətindir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Noyabr 2011 12:29 (UTC +04:00)
Ermənistanda prezident seçkilərində kimin qalib gələcəyini indidən demək çətindir. Ancaq hələki Serj Sarkisyana rəqib görmürük.
Azərbaycan XİN: Ermənistanda prezident seçkilərində kimin qalib gələcəyini indidən demək çətindir

Azərbaycan, Bakı, 25 noyabr / Trend müxbir S.Ağayeva/

Ermənistanda prezident seçkilərində kimin qalib gələcəyini indidən demək çətindir. Ancaq hələki Serj Sarkisyana rəqib görmürük. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

Əzimov bildirib ki, Ermənistanda qarşıdakı illərdə keçiriləcək seçkilər faktorunun Dağlıq Qarabağ probleminin həlli üzrə danışıqlar prosesinə təsiri o qədər də ciddiyə alınmamalıdır.

"Seçkilər ardıcıllıqla hər hansı ölkədə keçirilə bilər. Lakin dövlətin mövqeyi seçkilərdən qabaq da bəlli olur, seçkilərdən sonra da dəyişmir. Biz Robert Köçəryanla Sarkisyan arasında o qədər də böyük fərq görmədik", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, ABŞ, Rusiya və Fransaya gəlincə, bu ölkələrdəki seçkilər vəziyyəti dəyişməyəcək.

"Dövlətlərin prinsipial maraqları və mövqeləri onları münaqişənin həllinə sövq etməlidir", - XİN rəsmisi deyib.

ABŞ, Fransada və Rusiyada prezident seçkiləri 2012-ci ildə keçiriləcək.

Ermənistanda isə prezident seçkiləri 2013-cü ildə keçiriləcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti