...

İƏT Dağlıq Qarabağın işğalını bir daha müzakirəyə çıxarır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2012 15:13 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yanvarın 25-dən 31-dək İndoneziyanın Palembanq şəhərində keçiriləcək 7-ci sessiyasında Dağlıq Qarabağ problemi müzakirəyə çıxarılacaq. Azərbaycanı qurumda millət vəkili Sabir Rüstəmxanlı təmsil edəcək.
İƏT Dağlıq Qarabağın işğalını bir daha müzakirəyə çıxarır

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.Mehdiyev/

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yanvarın 25-dən 31-dək İndoneziyanın Palembanq şəhərində keçiriləcək 7-ci sessiyasında Dağlıq Qarabağ problemi müzakirəyə çıxarılacaq. Azərbaycanı qurumda millət vəkili Sabir Rüstəmxanlı təmsil edəcək.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, İƏT Parlament İttifaqı Siyasi Komitəsinin üzvü olan Rüstəmxanlı 7-ci sessiyada mühüm məsələlərin müzakirə olunacağını bildirib.

Parlament İttifaqının tərkibinə daxil olan siyasi, iqtisadi, hüquq, insan haqları, ətraf mühit, sosial, mədəni və s. məsələlər üzrə ixtisaslaşmış komitələr İslam dünyasını narahat edən problemləri müzakirə edəcəklər.

Rüstəmxanlının sözlərinə görə, İslam və Qərb parlamentləri arasında dialoqun gücləndirilməsi yollarının da axtarılacağı sessiyada Dağlıq Qarabağ probleminə xüsusi diqqət ayrılacaq.

"İslam ƏməkdaşlıqTəşkilatı Dağlıq Qarabağın işğalına həmişə həssaslıq nümayiş etdirib. Bu dəfə də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Dağlıq Qarabağı işğal etməsi ilə bağlı qətnamə layihəsinin qəbul olunacağı gözlənilir", - Rüstəmxanlı deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti