Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası azərbaycanlı çavuşun Ermənistan hərbiçilərinə əsir düşməsi faktını təsdiqləyib.
Dövlət Komissiyasının katibi Şahin Sayılov çərşənbə günü Trend-ə bildirib ki, 1990-cı il təvəllüdlü, Tərtər rayonu ərazisindəki dislokasiya olunmuş N saylı hərbi hissənin kiçik çavuşu Axundzadə Məmmədbağır Talıb oğlu erməni hərbiçilərə əsir düşüb.
Sayılovun sözlərinə görə, onun könüllü əsir düşməsi və ya əsir götürülməsi barədə dəqiq məlumat yoxdur, hazırda araşdırma aparılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirilib ki, N saylı hərbi hissənin kiçik çavuşu Axundzadə Məmmədbağır Talıb oğlu düşmən tərəfinə əsir düşüb. Hazırda bu barədə araşdırma aparılır.
Qeyd edək ki, Ermənistan KİV-ləri dünən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Yuxarı Çaylı kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşunun əsir götürülməsi barədə məlumat yayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.