...

Uzunsürən münaqişələrin həlli ATƏT üçün prioritetdir – fəaliyyətdə olan sədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Fevral 2012 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 fevral / Trend, müxbir E.Tariverdiyeva /

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi, eləcə də uzunsürən münaqişələrin nizamlanmasında irəliləyişin əldə olunması 2012-ci ildə İrlandiyanın ATƏT-ə sədrliyi üçün prioritetdir. Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın Baş nazirinin müavini İmon Gilmor Vaşinqtonda ABŞ Helsinki Komissiyası qarşısında çıxışı zamanı deyib.

O, sədrliyin bu ayın sonlarında Dublində keçiriləcək "5 +2" formatında görüşdə Dnestryanı nizamlamasına impuls verməyə, eləcə də ATƏT regionundakı digər uzunsürən münaqişələrin nizamlanması prosesinə kömək işinə sadiqlik nümayiş etdirməyə hazır olduğunu ifadə edib.

Həmin münaqişələrin nizamlanmasının potensialının olduğunu qeyd edən Gilmor İrlandiyanın şəxsi təcrübəsini misal gətirib.

"Sizə yaxşı məlumdur ki, biz İrlandiyada həll olunmamış münaqişələrə malik olanların dərdinə şərik oluruq. Şimali İrlandiyada hər iki tərəfin liderləri danışıqlara getməyi və sülh naminə güzəşt etməyi cəsarətlə qərara aldılar. İrlandiya və Britaniya hökumətlərinin inadkarlığı, eləcə də beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ-ın dəstəyi möhkəm nizamlanmaya gətirib çıxardı", - o deyib.

ATƏT sədri səfəri zamanı ABŞ dövlət katibinin müavini Vilyam Börnslə görüşüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti