...

İl ərzində bir sıra Avropa dövlətlərinin parlamentlərində Dağlıq Qarabağla bağlı dinləmələr keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2012 16:37 (UTC +04:00)
Avropanın bir sıra dövlətlərinin parlamentlərində bu il ərzində Dağlıq Qarabağla bağlı dinləmələr keçiriləcək.
İl ərzində bir sıra Avropa dövlətlərinin parlamentlərində Dağlıq Qarabağla bağlı dinləmələr keçiriləcək

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir M.Əliyev/

Avropanın bir sıra dövlətlərinin parlamentlərində bu il ərzində Dağlıq Qarabağla bağlı dinləmələr keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Şamaxının Millət vəkili Elxan Süleymanov məlumat verib.

Onun sözlərinə görə, Belçika parlamentinin payız sessiyasında Dağlıq Qarabağla bağlı müzakirələrin aparılaraq qətnamə qəbul olunması gözlənilir.

Süleymanov qeyd edib ki, həmçinin bu ilin iyun ayında İspaniya parlamentində, sentyabr ayında isə İtaliya parlamentində Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı dinləmələr keçiriləcək.

Şamaxının Millət vəkili deyib ki, artıq 17 aprel 2012-ci il tarixdə İtaliya Parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən konfrans keçirilmişdir. Tədbirdə 75-ə yaxın italiyalı deputat, elmi işçilər, işgüzar şəxslər, media və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirdi. Tədbir zamanı Süleymanovun həmmüəllifi olduğu "Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri" adlı kitabından 5 bölmə çap olunduğu İtaliyanın rüblük beynəlxalq münasibətlər jurnalı olan "Charta Minuta"nın son buraxılışı təqdim edilmişdir. Məlum olduğu kimi, həmin kitabda Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və geosiyasi kökləri tədqiq olunur, ermənilərin işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin müəyyənləşməsinə cəhd edilir. Kitab müəllifinin sözlərinə görə, işğal olunmuş rayonların icra başçılarının verdiyi məlumatlara əsasən hesablamalar göstərir ki, işğal nəticəsində Azərbaycana 431 mlrd. ABŞ dolları məbləğində ziyan vurulub.

Süleymanov qeyd edib ki, kitab rus, ingilis, italyan, fransız dillərinə tərcümə olunaraq nəşr etdiriləcək. Kitabın xarici dillərdə çap ediləcək nüsxələri ABŞ, Rusiya, Fransa və bir çox Avropa ölkələrinin parlamentlərində paylanacaq, eyni zamanda həmin ölkələrdə açıq satışa çıxarılacaq.

Şamaxının Millət vəkili Dağlıq Qarabağ həqiqətləri, o cümlədən Xocalı qırğını barədə qətnamələrin digər ölkə parlamentlərində qəbul edilməsini olduqca vacib hesab etdiyini və bu istiqamətdə işin davam etdiriləcəyini bildirdi..

Xəbər lenti

Xəbər lenti