...

İordaniya Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki mövqeyini gələcəkdə də dəstəkləyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 May 2012 07:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Bazar günü Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı İordaniya Senatının sədrinin birinci müavini Abdurrauf Ravabdehlə görüş keçirib.

Azərbaycanın İordaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-İordaniya parlamentləri arasında əməkdaşlığın perspektivləri ilə yanaşı, Ravabdehin başçılığı ilə nümayəndə heyətinin keçən ay ölkəmizə həyata keçirdiyi səfərin nəticələri haqqında fikir mübadiləsi aparılmış, eləcə də nümayəndə heyəti başçısının ölkəmiz haqqındakı təəssüratları öyrənilmişdir.

Azərbaycana ilk dəfə səfər etdiyini qeyd edən Ravabdeh sözügedən səfərin ölkələrimizin qanunverici orqanları arasında yeni əməkdaşlıq üfüqləri açacağına əminliyini ifadə etməklə, səfər zamanı keçirilən görüşlərin olduqca səmərəli olduğunu vurğulamışdır. Nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşünə toxunan Ravabdeh dövlət başçısı ilə iki ölkə arasında müxtəlif sahələr ətrafında əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparıldığını qeyd etmişdir.

Ölkəmizin sürətlə inkişaf etdiyini, düzgün istiqamətdə əzmlə irəlilədiyini qeyd edən Ravabdeh Azərbaycanın parlaq gələcəyi olduğunu, yaxın perspektivdə respublikamızın dünyanın ən inkişaf etmiş ölkələri sırasında görəcəyinə heç şübhə etmədiyini söyləmişdir. Paytaxt Bakıda aparılan quruculuq işlərindən, şəhərimizin zövqoxşayan parklarından və füsunkar gözəlliyindən son dərəcə valeh olduğunu, xalqımızın isə onun yaddaşında daim qonaqpərvər bir xalq olaraq qalacağını söyləmişdir.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Ravabdeh işğalın gec-tez başa çatacağına və Azərbaycanın öz torpaqlarını tezliklə geri qaytaracağına əminliyini vurğulayaraq hazırda beynəlxalq münasibətlərdə beynəlxalq hüququn deyil, ayrı-ayrı böyük dövlətlərin maraqlarının hökm sürdüyünü təəssüflə qeyd etmiş, gələcəkdə də ölkəsinin Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki haqlı mövqeyini dəstəkləyəcəyini bildirmişdir.

Söhbət zamanı Ravabdehlə İordaniyada hazırkı siyasi və ictimai vəziyyət haqqında da fikir mübadiləsi aparılmışdır. Ölkəsindəki siyasi vəziyyətin stabil olduğunu vurğulayan Ravabdeh hazırkı şəraitdə islahatların düzgün istiqamətdə aparıldığını qeyd etmişdir."

Xəbər lenti

Xəbər lenti