...

ATƏT-in baş katibi: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo qəbuledilməzdir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2012 13:04 (UTC +04:00)
Bakıda səfərdə olan ATƏT-in baş katibi Lamberto Zanyer Ermənistana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirəcəyini bəyan edib.
ATƏT-in baş katibi: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo qəbuledilməzdir

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir M.Əliyev/

Bakıda səfərdə olan ATƏT-in baş katibi Lamberto Zanyer Ermənistana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirəcəyini bəyan edib. Trend-in məlumatına görə, Zanyer bu barədə bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyində keçirdiyi mətbuat konfransında bildirib.

ATƏT-in baş katibi qeyd edib ki, iyulun 10-da Minsk qrupunun həmsədrləri bölgəyə növbəti dəfə səfər edəcəklər.

"Cəbhə xəttində - Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlər ciddi narahatlıq doğurur. İnsanların ölümü ilə nəticələnən bu cür insidentlər yolverilməzdir və belə hadisələrin qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir. Mövcud status-kvo qəbuledilməzdir", - o deyib.

Baş katib snayperlərin geri çəkilməsi, insidentlərin araşdırılması və etimadın qurulması istiqamətində ATƏT-in bir sıra tədbirlər təklif etdiyini bildirib. Onun sözlərinə görə, danışıqlar prosesinin alternativi yoxdur.

"Münaqişənin həllini tapmaq lazımdır, lakin bu həlli zorla sırımaq olmaz. Tərəflər özləri razılığa gəlməlidirlər. ATƏT buna öz töhfəsini verməyə hazırdır", - qurumun baş katibi deyib.

Təmas xəttindəki insidentlərin araşdırılması üçün ATƏT-in irəli sürdüyü təklifləri şərh edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, problem mexanizmlərdə deyil, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalındadır.

"Ermənistan öz ordusunu geri çəksə, onda snayperlərə də ehtiyac qalmaz", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti