...

Oqtay Əsədov: Beynəlxalq qurumların qəbul etdiyi sənədlərin icrası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən yaxşı əsasdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Sentyabr 2012 17:24 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan ATƏT-ə üzv 19 ölkənin bu qurumdakı daimi nümayəndəsini qəbul edib.
Oqtay Əsədov: Beynəlxalq qurumların qəbul etdiyi sənədlərin icrası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən yaxşı əsasdır

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan ATƏT-ə üzv 19 ölkənin bu qurumdakı daimi nümayəndəsini qəbul edib.

Parlamentin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, spiker Azərbaycanın regiondakı mühüm rolundan, əldə etdiyi siyasi, iqtisadi uğurlardan, Avropaya inteqrasiyasından, hüquqi, demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlardan, beynəlxalq qurumlarla səmərəli əməkdaşlığından danışıb. Bildirib ki, Avropaya inteqrasiya rəsmi Bakının xarici siyasətinin əsas istiqamətlərindən biridir.

Sədr diqqətə çatdırıb ki, Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-ə üzvdür və onların işində yaxından iştirak edir. Rəsmi Bakı ATƏT-in sülhün bərqərar olması, eləcə də demokratiya, insan hüquqları, ətraf mühit və iqtisadi inkişafla bağlı təşəbbüslərini alqışlayır və dəstəkləyir.

Azərbaycanın regiondakı aparıcı roluna toxunan Oqtay Əsədov bildirib ki, ölkəmiz bu bölgədə həyata keçirilən irimiqyaslı layihələrin həm təşəbbüskarı, həm də birbaşa iştirakçısıdır. Cənubi Qafqaz regionunda istehsal olunan ümumi daxili məhsulun 80 faizə qədəri Azərbaycanın payına düşür. Lakin Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi bu inkişafa ciddi maneə törədir, eyni zamanda, həm region, həm də Avropa ölkələrinin təhlükəsizliyinə ciddi təhdiddir. Bu problem həll olunmadan bölgədə sülhün və təhlükəsizliyin etibarlı təminatı mümkün deyil.

Spiker səfirləri bu problemin ədalətli həllində, münaqişə nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpası məsələsində səylərini artırmağa çağırıb. Bildirib ki, bu gün işğalçı ilə işğala məruz qalmış ölkələr arasında fərq qoyulmaması, bəzi məsələlərdə qətiyyətsizlik, ikili standartlar bu münaqişənin həllini ləngidir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişənin nizamlanmasına dair qəbul etdiyi qərar və qətnamələrin icrası problemin həlli üçün ən yaxşı əsasdır.

Qəbul üçün minnətdarlığını bildirən Norveçin ATƏT-dəki daimi nümayəndəsi Robert Kvil məlumat verib ki, səfərin əsas məqsədi region ölkələri ilə daha yaxından tanış olmaqdır. Qonaq qeyd edib ki, səfər çərçivəsində Ermənistanda və Azərbaycanda keçirdikləri görüşlər, əldə etdikləri məlumatlar onlarda bölgədəki vəziyyətlə bağlı dolğun təəssürat yaradacaq. Söhbət zamanı bu cür səfərlərin ikitərəfli əlaqələrin inkişafına, eləcə də mövcud problemlərin həllinə yeni imkanlar açacağına əminlik ifadə olunub.

Sonra görüşdə Azərbaycanın Qərbə inteqrasiyası, ATƏT ilə əməkdaşlığı, qanunvericilik sahəsində təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti