Azərbaycan, Bakı, 28 fevral / Trend/
Litva Azərbaycanlıları İcması dünən parlamentdə Dağlıq Qarabağın separatçı rejimi ilə dostluq qrupunun yaradılması faktı ilə bağlı hiddətini ifadə edib.
Litva azərbaycanlıları bildirirlər ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına həsr olunmuş "Litva və Ermənistan- yaxın keçmişə baxış" adlı konfrans "əslində qondarma "Dağlıq Qarabağ Respublikası" ilə həmrəylik manifestinə çevrilib.
Ermənistan KİV-in məlumatına görə, Litva Respublikası Seyminin bir qrup deputatı separatçı Dağlıq Qarabağla dostluq qrupunun yaradılması haqqında bəyannamə qəbul edib.
""Litva-Azərbaycan" Assosiasiyası və Litva Azərbaycanlıları İcması bunun görünməmiş hadisə olduğunu və Seymdə adı çəkilən konfrans zamanı qondarma "Dağlıq Qarabağ Respublikası"nın "xarici işlər naziri"nin rəsmi çıxışına imkan verilməsinə, Dağlıq Qarabağ separatçıları tərəfdarlarının qrupunun yaradılmasına dözümlü yanaşılmasını qeyri-mümkün hesab edirlər", - Litva Azərbaycanlıları İcmasının sədri Mahir Həmzəyevin və "Litva-Azərbaycan" Assoasiyasının prezidenti İmantas Melianasın birgə bəyanatında deyilir.
Bəyanata görə, bu, nəinki Litva parlamentini nüfuzdan sala bilər, həm də Litvanın Azərbaycanla siyasi, iqtisadi, mədəni və digər əlaqələrinə və Litvanın Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO) ən mühüm müttəfiqlərindən biri olan Türkiyə ilə münasibətlərinə xələl gətirə bilər.
"Bundan başqa, bu, Avropa Birliyinin "Şərq tərəfdaşlığı" siyasətinin prinsiplərinə ziddir və bu prosesdə Litvanın rolunu çətinləşdirir", - bəyanatda deyilir.
Bəyanat müəllifləri "ümid edirlər ki, Litvanın xarici siyasətinin formalaşmasına və həyata keçirilməsinə cavabdeh olan idarə Litvanın milli maraqlarına ziyan vuran bu fitnəkar planları və onların sözəbaxan icraçılarını lazımi şəkildə qiymətləndirəcək", - bəyanatda deyilir.
Bu arada qrupun yaradılmasının təşəbbüskarı Dalya Kuodite bildirib ki, "Dağlıq Qarabağın müstəqilliyinin dəstəklənməsi qrupu deyil, Dağlıq Qarabağla dostluq qrupu yaradılıb", ona görə də o, burada Litvanın rəsmi mövqeyi ilə heç bir ziddiyyət görmür.
"Biz müstəqilliyi tanıdığımızı bəyan etmədik, dostlıuq etməyi isə heç kim qadağan etməyib. Necə ki, qəzəblənməyi", - deputat Azərbaycan İcmasının bəyanatını şərh edərkən bildirib.
Azərbaycan Litva Xarici İşlər Nazirliyinə Dağlıq Qarabağın separatçı rejimi ilə parlament dostluq qrupunun yaradılması təşəbbüsünün irəli sürülməsi ilə bağlı etiraz notası təqdim edib. Bu barədə dünən Trend-ə Litvanın Azərbaycandakı səfirliyindən məlumat verilib.