...

Ziyafət Əsgərov: Azərbaycan torpaqları işğaldan azad edilməyincə Ermənistan blokadada qalmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 May 2013 17:39 (UTC +04:00)
Bakıda keçirilən “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumu çərçivəsində "Avrasiya təhlükəsizliyi və əməkdaşlığı: Azərbaycanın regional sülh və sabitlikdə rolu" mövzusunda sessiya keçirilir. Trend-in məlumatına görə, sessiyanın moderatoru Milli Məclisin deputatı Asim Mollazadə olub.
Ziyafət Əsgərov: Azərbaycan torpaqları işğaldan azad edilməyincə Ermənistan blokadada qalmalıdır

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E.Mehdiyev/

Bakıda keçirilən "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumu çərçivəsində "Avrasiya təhlükəsizliyi və əməkdaşlığı: Azərbaycanın regional sülh və sabitlikdə rolu" mövzusunda sessiya keçirilir. Trend-in məlumatına görə, sessiyanın moderatoru Milli Məclisin deputatı Asim Mollazadə olub.

Sessiyada çıxış edən ABŞ-ın İrs Fondunun Rusiya və Avrasiya Araşdırmaları və Beynəlxalq Energetika Siyasəti üzrə aparıcı elmi tədqiqatçısı Ariel Koen bildirib ki, respublikaçılar və demokratlar Azərbaycanın suverenliyini dəstəkləyirlər:

"Azərbaycan 11 sentyabr hadisələri zamanı özünü ABŞ-ın dostu kimi doğruldub. Soyuq müharibə başa çatıb. Amma bunu Rusiyada bəzi qüvvələr anlamır. Yadımdadır, ilk vaxtlarda Rusiya "Əsrin müqaviləsi"nə qarşı çıxıb. Amma biz artıq bu düşüncədən uzağıq. Elə o vaxt da Rusiya tərəfinə bildirmişik ki, Azərbaycanda çıxan neft Rusiyanın deyil. Hesab edirəm ki, Cənubi Qafqazın təhlükəsizliyi çox vacibdir. Sülh və sabitlik olmadan çiçəklənən və demokratik cəmiyyət yaratmaq çox çətindir. Bu gün dünyada terrorçuluq çox çətin problemdir".

Koen vurğulayıb ki, ABŞ Cənubi Qafqaz kimi strateji bölgəni tərk etmək niyyətində deyil:

"Bu gün Azərbaycan həm şimaldan, həm də cənubdan təzyiqlərlə üzləşir. İran ərazi iddiaları irəli sürür. Yenidən Azərbaycan ərazilərini özünə birləşdirmək üçün addımlar atmağa çalışır. İran məsələsinə gəlincə isə Azərbaycanın qorunması üçün səylərimizi artırmalıyıq. Azərbaycan dünyəvi ölkədir, yaşadığımız əsrdə müasir dövlət yaratmağa nail olub, ölkədə dini və etnik azlıqların çiçəklənməsini təmin edir".

Çıxışı zamanı Koen qeyd edib ki, ABŞ tezliklə 907-ci düzəlişi dayandırmalıdır: "Hesab edirəm ki, 907-ci düzəlişi dayandıraraq dostlarımızı müəyyən etməliyik".

Çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycan regional təhlükəsizliyi qlobal təhlükəsizlikdən ayrı düşünə bilməz:

"Regionda təhlükəsizliyə qarşı təhdidlər işğalçı Ermənistan tərəfindən atılır. Azərbaycan təhlükəsizliklə bağlı çağırışlar edir. Təəssüflər olsun ki, bu çağırışlara məhəl qoyan yoxdur. Hər kəs dövlətlərin ərazi bütovlüyündən danışır, amma real iş yoxdur. Bəzən beynəlxalq tədbirlərdə iştirak edərkən belə bir sualla qarşılaşırıq ki, Azərbaycan nə üçün Ermənistanı blokadada saxlayır? Belə düşünürəm ki, bu bir növ Ermənistanın təbliğatının nəticəsidir. Ermənistan blokadada yaşayır. Bu sual təəccüb doğurmamalıdır. Dünya tarixində belə bir praktika yoxdur ki, işğala məruz qalan işğal edənlə bütün kommunikasiyaları açıq saxlasın. Hesab edirəm ki, nə qədər ki, işğal olunan torpaqlarımız azad olunmayıb, Ermənitan blokadada qalmalıdır. Azərbaycan və Ermənistan Avropa Şurasının və BMT-nin üzvüdür. Amma Ermənistan Prezidenti Avropa Şurasının tribunasından bəyan edir ki, Azərbaycan torpaqlarını işğal edərək Xocalıda qətliam törətmişik. Ermənistan Prezidenti belə söz deyir və buna dünya ictimaiyyəti səssiz qalırsa, sadəcə, sözüm yoxdur. Bu da məlumdur ki, beynəlxalq hüququn norma və prinsipləri işləmir. Belə ki, ikili standartlar mövcuddur. ABŞ Azərbaycanın strateji tərəfdaşı sayılır. Amma bu tərəfdaşlıq hələ ki bəyanatlardan o tərəfə keçmir. ABŞ bu məsələdə Azərbaycana dəstək olmalıdır. Azərbaycan sadəcə olaraq beynəlxalq hüququn norma və prinsiplərinin işləməyini tələb edir".

Əsgərov sessiya iştirakçılarının diqqətinə çatdırıb ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycanı qane etmir: "Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün 1993-cü ildə Minsk qrupu yaradılıb, amma nəticə yoxdur. Ona görə yoxdur ki, ədalət yoxdur. İşğal olunanla işğal edəni eyni tərəzi ilə ölçürlər. Azərbaycanın torpaqlarının işğalına göz yumulur. ABŞ-lı dostlarımız bunu bilsinlər".

Milli Məclisin sədrinin birinci müavini bildirib ki, Rusiya işğalçı Ermənistanla hərbi müqavilə imzalayıb: "Rusiya, eyni zamanda, Minsk qrupunun həmsədridir. Cavabsız qalan suallarımız çoxdur. Bu barədə düşünməliyik. Dağlıq Qarabağ münaqişəsinin həlli dünyanın problemidir".

Hayfa Universitetinin Siyasi Elmlər Məktəbinin professoru Brenda Şaffer isə çıxışında bildirib ki, Qafqaz kritik nöqtədir:

"Azərbaycan ABŞ-ın milli maraqlarına uyğun olan bir ölkədir. Azərbaycan regionda unikal ölkədir. Eyni zamanda, İran məsələsində müstəsna rol oynaya bilər. İran çalışır ki, Azərbaycana təzyiq etsin, amma bu cəmiyyətin rəhbərlərinin özləri elə azərbaycanlıdır".

Şaffer vurğulayıb ki, ABŞ qoşunları Əfqanıstandan çıxdıqdan sonra bu ölkəyə tərəfdaş lazımdır: "Konqresmenlərə ev tapşırığı verirəm. Konqres Dağlıq Qarabağa yardım edir. Şəxsən şahidi olmuşam ki, Dağlıq Qarabağda heç kim yaşamır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti