...

Leonid Slutski: Ermənistanın Gömrük İttifaqına daxil olması üzrə "yol xəritəsi" Dağlıq Qarabağ amilini nəzərə alır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Dekabr 2013 18:16 (UTC +04:00)
Nizamlanmayan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Gömrük İttifaqına daxil olmasına maneə təşkil etmir, lakin bu amil nəzərə alınacaq.
Leonid Slutski: Ermənistanın Gömrük İttifaqına daxil olması üzrə "yol xəritəsi" Dağlıq Qarabağ amilini nəzərə alır

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Nizamlanmayan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Gömrük İttifaqına daxil olmasına maneə təşkil etmir, lakin bu amil nəzərə alınacaq. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB İşləri və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Gömrük İttifaqına daxil olmasına əngəl törətmir: "Buna baxmayaraq, bu amil şübhəsiz ki, Ermənistan rəhbərliyi, Avrasiya İqtisadi Komissiyası və Avrasiya quruculuğu ilə əlaqəsi olan hər kəs, yəni bizim hamımız tərəfindən nəzərə alınacaq".

L.Slutski xatırladıb ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də bu amilin nəzərə alınmalı olduğunu hesab edir: "Təəssüf ki, hazırda Ermənistan və Azərbaycan uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin tərəfləridir. Buna görə də bir ölkənin bir çox təşəbbüsləri bu və ya digər dərəcədə digər tərəfin narazılığına səbəb ola bilər. Bu da tam təbiidir".

Lakin o hesab edir ki, bundan problem yaratmaq və ya gərginliyi artırmaq lazım deyil: "Ermənistanın Gömrük İttifaqına daxil olması üzrə "yol xəritəsi" və Ermənistanın İttifaqın qalan məkanı ilə gömrük sərhədinin formalaşdırılması Dağlıq Qarabağ amili nəzərə alınmaqla tərtib edilir. Biz bilirik ki, Ermənistan və İttifaqın digər ölkələrinin ümumi sərhədi yoxdur, lakin bu, maneə deyil".

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın Gömrük İttifaqına daxil olmasına mane olması mövqeyindən çıxış etmək olmaz: "Çünki münaqişə maneə təşkil etmir".

Qeyd edək ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll edilməyənədək Ermənistanın Gömrük İttifaqına daxil olmasına etirazını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti