...

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə dəyişiklik görmür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Aprel 2014 17:16 (UTC +04:00)
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə dəyişiklik görmürəm. Ermənistanda hazırkı şərait ona dəlalət edir ki, onlar vəziyyəti dəyərləndirməlidirlər".
Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə dəyişiklik görmür

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir E.Mehdiyev/

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə dəyişiklik görmürəm. Ermənistanda hazırkı şərait ona dəlalət edir ki, onlar vəziyyəti dəyərləndirməlidirlər". Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

Onun sözlərinə görə, vəziyyət həm Ermənistanda, həm də ətrafında ağırlaşa, pisləşə bilər. Ermənistan rəhbərliyi gərək bunu düşünsün.

A.Əzimov qeyd edib ki, "Şərq tərəfdaşlığı" proqramının son sammitində Ermənistan prezidenti ölkəsinin təklikdə qalmasının və ona heç kimin açıq dəstək verməməsinin şahidi olmaq üçün daha bir imkana nail oldu.

Rusiya və ABŞ arasında soyuq münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsiri barədə danışan A.Əzimov deyib ki, bu iki dövlət beynəlxalq aləmdə əlaqələrin hansısa bir soyuqlama nöqtəsindən keçdiyi halda belə, əsas oyunçulardan biridirlər:

"Nüvə silahlarının ən böyük qüvvələri bu iki ölkədədir. Beynəlxalq quruluş, beynəlxalq vəziyyət, ümumiyyətlə, ABŞ və Rusiyanın riskli addımlar atılmasına hazır olub-olmadığından asılı ola bilər. Ukraynadakı vəziyyətlə bağlı ABŞ və Rusiyanın əməkdaşlığı adlandırılan əlaqələr hər bir halda bir imtahandan keçirilir. Hər iki tərəf çalışır ki, diplomatik üsullarla məsələlərdən çıxış yolu tapsınlar, eyni zamanda, müzakirələr getdiyi, Cenevrə toplantısında yekun sənədin qəbul edildiyi halda, yenə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı məşğuldur".

Nazir müavini qeyd edib ki, beləliklə, burada söhbət əlaqələrin pisləşməsindən yox, əsrlər boyu formalaşan beynəlxalq vəziyyətin, ərazilərin, sistemin ciddi imtahandan keçməsindən gedə bilər: "Düzdür, ABŞ və Rusiya keçmişdə də bu cür çətin vəziyyətlərdən keçiblər və ümid edirəm ki, bu halda da çıxış yolu tapılacaq. Amma əlbəttə ki, Avropa, ABŞ və Rusiya Ukrayna ilə bağlı vəziyyətdə çox çətin məsələlərlə üzləşiblər. İstəməzdim ki, hansısa görüntülü inkişafı əldə etmək üçün ATƏT-in Minsk qrupu çərçivəsində gedən prosesdən sui-istifadə edilsin və yaxud kimsə bu cür fikrə düşsün. Çünki proses sağlam əsaslarda, beynəlxalq hüququn norma və prinsipləri əsasında qurulmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti