...

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri birlikdə istənilən anda danışıqlar prosesinə qatıla bilərlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 May 2014 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri birlikdə istənilən anda danışıqlar prosesinə qatıla bilərlər. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin çox çalışdığı məsələlərdən biri də Dağlıq Qarabağ ermənilərini danışıqlar prosesinə qatmaqdır: "Dağlıq Qarabağ ərazisində münaqişəyədək yaşayan 180 min əhalinin 2/3-si ermənilər və qeyri-millətlər, 1/3-i isə azərbaycanlılar olub. Dağlıq Qarabağ erməniləri bu ərazidə avtoxton deyil, gəlmədirlər. Danışdıqları dildə fars və türk qarışıqlarının olması ermənilərin bu əraziyə haralardan gəldiyini göstərir. Dağlıq Qarabağın 60 minlik azərbaycanlı əhalisi isə təbii demoqrafik proseslərin nəticəsidir və avtoxtondurlar. Lakin bu gün Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlılarının vəziyyətləri fərqlidir. Dağlıq Qarabağ erməniləri özlərini vəziyyətin sahibi hesab edirlər və belə düşünürlər ki, onlar dövlət qurublar. Əgər hətta Ermənistan dövlət kimi mövcud ola bilmirsə, Dağlıq Qarabağda bir ovuc erməninin dövlət qurması gülüş doğurur. Dağlıq Qarabağ erməniləri işğalçı müharibənin iştirakçısıdır və qalib çələngini ona təqdim ediblər".

Politoloq hesab edir ki, ermənilər işğalçı müharibənin nəticəsini müqəddəsləşdiriblər: "Ermənilər özlərini əlahiddə xalq hesab etməklə özlərini bəşəriyyətin qalan millətlərindən fərqləndirmək yolunu seçiblər. Heç bir millət özünə təhlükəsizlik zonası tələb etmir. Bu, müasir dünyada irqçiliyin ən bariz nümunəsidir. Avropanın iri dövlətlərinin tarixi müharibə tarixidir. Fransa ilə İngiltərə 100 illik müharibə tarixinə malikdir. Alman faşizmi həm Britaniya, həm də Fransanın başına olmayan oyunlar açıb. Amma orada heç kim təhlükəsizlik zonası yaratmağı tələb etmədi. Belə müstəsnalıq tələb etmək yalnız ermənilərə məxsusdur. Bu hədsiz geri qalmışlığın və rasizmin nəticəsidir".

M.Əhmədoğlu qeyd edib ki, Dağlıq Qarabağdakı ermənilərin "nailiyyət" hesab etdiyi məsələlərdən biri də onların müstəqillik referendumu keçirmələridir: "Bu referendum azərbaycanlıların deportasiyası ilə müşayiət olunduğu üçün legitim sayıla bilməz. Həm də Dağlıq Qarabağ erməniləri Ermənistana birləşməyin mümkün olmadığını başa düşdükdən sonra "müstəqillik yolunu tutdular". Bütün bu ağır cinayətlərdən ötrü Ermənistan və Dağlıq Qarabağdakı ermənilər cəzalandırılmalı olduqları halda, rahatdırlar və "xüsusi statuslu cinayətkar" kimi qalmaqda davam edirlər. Dağlıq Qarabağ azərbaycanlıları isə əsasən zəhmətkeş insanlardan ibarət olub. Çar Rusiyası erməniləri ora köçürəndə yerli azərbaycanlıların zəhmətkeşliyini və tolerantlığını nəzərə almışdı. Sonda bu xüsusiyyətlər oradakı azərbaycanlıların başına bəla oldu. Gəlmə ermənilər onları deportasiyaya məruz qoydular".

Mərkəzin direktoru deyib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi reallığı nəzərə almağı tələb edir: "Reallıq isə odur ki, 150 ildən çoxdur ki, Dağlıq Qarabağ erməniləri bu ərazidə yaşayır və yaşamalıdır. Dağlıq Qarabağ azərbaycanlıları bu ərazilərə qayıtmalıdır. 2009-cu ildə İtaliyanın Akvil şəhərində ATƏT-in Minsk qrupunun həmsədr ölkə prezidentlərinin qəbul etdikləri Yenilənmiş Madrid Prinsiplərində Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisinin müəyyən edəcəyi göstərilir. Ermənilərin iddia etdiyi kimi, "Dağlıq Qarabağ erməniləri" və "Dağlıq Qarabağ xalqı" yox, məhz Dağlıq Qarabağın əhalisi müəyyən edəcəkdir. Dağlıq Qarabağın əhalisi dedikdə, Dağlıq Qarabağ erməniləri və azərbaycanlılarının birgə məcmusu nəzərdə tutulur. Aralıq statusun da Dağlıq Qarabağ ermənilərinə verilməsinin əsas mahiyyətlərindən biri Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qayıtmasından, birgə yaşayışa şərait yaradılmasından ibarətdir".

Onun fikrincə, Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağ tənzimlənməsində iştirakı ermənilərin özlərindən asılıdır: "Dağlıq Qarabağdan deportasiya olunmuş azərbaycanlılar Dağlıq Qarabağa qayıdan andan etibarən Dağlıq Qarabağın əhalisinin təmsilçiləri danışıqlar prosesinə qatıla bilərlər. Hətta hər iki icma tənzimləmə prosesinin tam məsuliyyətini öz üzərilərinə götürə bilər. Çünki Azərbaycan Konstitusiyası Azərbaycan vətəndaşlarına geniş hüquqlar verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti