Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbirlər Səbinə Əhmədova, Emil İsmayılov/
Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi və reputasiyası Azərbaycanda həddən artıq yüksəkdir. Trend-in məlumatına görə, bunu Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə jurnalistlərə açırlamasında bildirib.
Səfir qeyd edib: "Böyük Britaniyada nə böyük erməni icması formasında, nə Azərbaycana qarşı qəbul edilmiş ədalətsiz qanunvericilik aktları formasında, nə də ki, ölkədə iqtisadi maraqlardan başqa hansısa digər maraqların olması formasında siyasi yük mövcud deyil. Böyük Britaniyanın Azərbaycanda reputasiyası çox gözəldir".
T.Tağızadə deyib ki, Böyük Britaniyanın regionda olan iqtisadi və siyasi maraqlarını nəzərə alaraq həmin bu məsələyə təbii marağı da mövcuddur: "Böyük Britaniya Avropada aparıcı qüvvələrdən biri kimi imkanlara da malikdir".
Səfir əlavə edib ki, NATO-nun Kardiff sammiti ərəfəsində Böyük Britaniya bu məsələdə çox ardıcıl, çox məntiqli və çox haqlı mövqeyini bildirdi: "Söhbət regional münaqişələrdə ölkələrin ərazi bütövlüyü prinsipinin vurğulanmasından gedirdi. Bu məsələdə Böyük Britaniya rəhbərliyinin və Xarici İşlər Nazirliyinin mövqeyi çox ardıcıl və məqsədyönlü idi".