...

Dağlıq Qarabağ tənzimlənməsi 2015-ci ilin yekunu və 2016-cı il üçün inkişaf perspektivləri – ABŞ

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Yanvar 2016 14:07 (UTC +04:00)
ABŞ-ın Dağlıq Qarabağ siyasəti 2015-ci ilədək tam ermənipərəst siyasət idi.
Dağlıq Qarabağ tənzimlənməsi 2015-ci ilin yekunu və 2016-cı il üçün inkişaf perspektivləri – ABŞ

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru

ABŞ-ın Dağlıq Qarabağ siyasəti 2015-ci ilədək tam ermənipərəst siyasət idi. 2015-ci ildə ABŞ-ın Dağlıq Qarabağ siyasətində ermənipərəstlikdən uzaqlaşma baş verdi. Bunun əlamətləri aşağıdakılardır:

ı. Amerikalı həmsədr C.Uorlik bir neçə dəfə Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun Azərbaycana qaytarılması, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunun qurulmasının zəruriliyini bildirdi.

ıı. ABŞ Dövlət Departamenti qısa müddətli fasilədən sonra dünyada insan hüquqlarının vəziyyətinə dair ənənəvi illik hesabatının "Ermənistan" və "Azərbaycan" bölmələrində Dağlıq Qarabağ tənzimlənməsinə dair əvvəlki tezisi yenidən yerləşdirdi: Azərbaycanın Dağlıq Qarabağ və daha yeddi rayonu Ermənistanın dəstəklədiyi erməni separatçılarının nəzarəti altındadır.

ııı. ABŞ Dövlət Departamenti Dağlıq Qarabağa ABŞ tərəfindən ayrılacaq yardım məsələsində təsdiqləyici mövqeyini yayındırıcı mövqe ilə dəyişdi: ABŞ Dağlıq Qarabağ adlı dövlət tanımır, yardım ayırmır. ABŞ Dağlıq Qarabağda vətəndaş cəmiyyətinə yardım ayırır. Bu isə minalardan təmizləmə və su təchizatının yaxşılaşdırılmasına sərf olunur. Ümumilikdə bu vəsait Dağlıq Qarabağ münaqişəsindən zərər çəkənlər üçün nəzərdə tutulur. Ona görə, Dağlıq Qarabağ azərbaycanlılarına da bu vəsaitdən bir qismi ayrılır.

ıv. Dağlıq Qarabağın de-fakto rəhbəri B.Saakyana viza verilmədi. B.Saakyan hər il "Hayastan" fondunun ABŞ-da Dağlıq Qarabağa yardım toplamaq məqsədi ilə keçirdiyi telemarafonda iştirak edirdi.

v. ABŞ-dakı bəzi erməni təşkilatları Dağlıq Qarabağ tənzimlənməsindəki ABŞ-ın mövqeyində olan dəyişiklikdən publik şəkildə narahatlıq bildirdilər.

Dağlıq Qarabağ tənzimlənməsində ümumilikdə ABŞ-ın mövqeyi Azərbaycanın əleyhinədir və Azərbaycanın əleyhinə olması üç parametrə söykənir:

ı. ABŞ beynəlxalq hüququ inkar edir. Hətta ABŞ Dövlət Departamentinin özünün ənənəvi mövqeyində Azərbaycan torpaqlarına kənar qüvvələrin, yəni erməni separatçılarının nəzarət etdiyi etiraf olunur. Amma bu etiraf ABŞ-da Azərbaycan torpaqlarını Azərbaycanın nəzarətinə qaytarmaq və erməni separatçılığına qarşı mübarizə aparmaq istiqamətində heç bir hərəkət yaratmır.

ıı. ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsində ermənipərəstliyi tarixi və siyasi məsələdir. Ermənistan, xüsusilə Moskvadakı ermənilər ABŞ-ın istənilən tapşırığını yerinə yetirə bilirlər. SSRİ-nin dağılmasında ermənilərin iştirakı bunun sübutudur. ABŞ-da özlərini geosiyasi usta kimi təqdim edən ermənilər rəsmi Moskvanın siyasi-iqtisadi həyatında indi də ABŞ-ın arzuladığı istiqamətdə hərəkətlər yarada bilirlər.

ııı. ABŞ-ın ermənipərəstliyi geosiyasi faktordur:

a) Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması Rusiyanın imicinə zərbədir; Rusiya güclü dövlət olsaydı Dağlıq Qarabağ münaqişəsi indiyə qədər həll edilmiş olardı və ya Rusiya qonşuları üçün problem yaratmaqla məşğuldur. Bunun da bir nümunəsi Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsidir.

b) ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsini idarə etməklə Rusiyanın Cənubi Qafqazda maraqlarının inkişafının qarşısını alır. Bu, məsələdə də ermənilər ABŞ-ın əlində əsas alətdir.

c) Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalması həm də Azərbaycanda Rusiyaya qarşı şübhəni artıran əsas faktordur.

ç) ABŞ 2015-ci il öz ərazisində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə cəhd göstərdi. Amma prezident B.Obamanın qrafiki ilə uzlaşdıra bilmədikləri üçün görüş baş tutmadı. ABŞ-ın öz ərazisində BMT BA müstəvisində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmələri Cənubi Qafqazda əsas söz sahibinin olduğunu nümayiş etdirmək idi.

d) Dağlıq Qarabağ münaqişəsini idarə etməklə ABŞ Gürcüstan və Moldovadakı münaqişələrdə özünə əlavə ümid və bağlılıq yaratmaq istəyirdi.

vı. ABŞ konqresi 2015-ci ildə dünya ermənipərəstliyinin, erməni işğalçılığına dəstəyin mərkəzinə çevrildi. Hətta 1989-cu ilin iyul və noyabr aylarında özlərinin qəbul etdiyi iki qətnamənin mətni ilə tanış olmayan konqresmenlər israrlı şəkildə Dağlıq Qarabağ münaqişəsi regionunda təmas xəttini dövlət sərhədinə çevirmək istiqamətində olan təklifləri aktiv şəkildə dəstəklədilər. Konqresmenlər ermənilərin onlara yalan sırıdığını bilir, amma korrupsiya və digər müəyyən faktorların hesabına bunu unudurlar. Nəticədə, konqresmenlərin atdığı addım erməniləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən yayınmağa sövq edir.

2015-ci ildə ABŞ konqresi Dağlıq Qarabağ münaqişəsinə münasibətdə özünü Ermənistan parlamentinə nisbətən daha konservativ göstərdi. Ermənistan parlamentində Aİ çərçivəsində bir neçə beynəlxalq tədbirlərdə Aİ təmsilçiləri Ermənistanın Dağlıq Qarabağ siyasətini sərt tənqid etdilər. ABŞ konqresində isə hətta Ermənistanı Dağlıq Qarabağ siyasətinə görə tənqid edə bilmirlər. 2016-cı ildə Dağlıq Qarabağ münaqişəsi ilə ciddi məşğul olmaq üçün ABŞ zəmin yarada bilib. ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsində əsas iştirakı keçirilməsi 31 mart - 1 aprel tarixlərinə nəzərdə tutulmuş Nüvə sammiti günlərində ola bilər. Ermənistanın davranışı Nüvə sammitinin ermənilər üçün arzuolunmaz olduğunu ortalığa qoyub. ABŞ Nüvə sammiti üçün dəvətnamələri paylayıb. Regionun iki dövləti-Azərbaycan və Gürcüstan prezident B.Obamanın adından dəvətnamə aldığını təsdiqləyib. Ermənistan isə dəvətnamə aldığını hələ təsdiq etməyib.

Nüvə sammitinə ABŞ-ın Ermənistana dəvətnamə göndərməməsi non-sensdir. Ermənistan isə ABŞ-ın hətta ən kiçik addımını böyük uğuru kimi qələmə verir. Prezident S.Sərkisyanın keçən il ABŞ-da məşhur konqresmen C.Makkeynlə şəkil çəkdirməsinə Ermənistanda verilən reaksiya hamının yadındadır. ABŞ-dan prezident S.Sərkisyana dəvətnamə gəlirsə və S.Sərkisyan bu dəvəti gizlədirsə, səbəbsiz deyil; Səbəb nüvə sammitində Dağlıq Qarabağ tənzimlənməsinin müzakirəsi ehtimalıdır. Görünür, indidən bu istiqamətdə danışıqlar gedir. ABŞ-dakı Nüvə sammitində ATƏT MQ-nin digər iki həmsədr ölkəsinin prezidenti V.Putin və F.Oland da iştirak edəcəkdir. ATƏT-in sədr ölkəsi olan Almaniyanın da federal kansleri A.Merkelin iştirakı şəksizdir. A.Merkel Aİ-nin Riqa sammitində Şərq tərəfdaşlığı üzv dövlətlərinin ərazi bütövlüyünü dəstəkləməyə çağıran sənədi S.Sərkisyana imzalatdırdı.

Həmsədr ölkə prezidentlərinin üçü də son üç ildə ilk dəfə eyni vaxtda və eyni məkanda yalnız ABŞ-dakı Nüvə sammitində bir yerdə olacaqlar. Ukrayna hadisələrinə qədər C-8 fəaliyyət göstərirdi. C-8-in 2009-2013-cü ildəki 5 sammitində həmsədr ölkə prezidentləri Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı sənəd qəbul ediblər. Ukrayna hadisələrindən sonra Rusiyanın C-8 iştirakı dayandı. Həmsədr ölkə prezidentlərinin də Dağlıq Qarabağ tənzimlənməsinə dair bəyanat qəbul etmələri də dayandı. ABŞ-dakı Nüvə sammiti ABŞ başda olmaqla Qərbin Dağlıq Qarabağ münaqişəsinin həll etmək istiqamətində ciddi şansı deməkdir. ABŞ-dakı Nüvə sammitində tarixdə ilk dəfə üç həmsədr ölkə prezidenti və ATƏT sədri bir arada olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti