...

26 illik dəhşətin vəhşət doğuran 26 faktı (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2018 18:50 (UTC +04:00)

Bakı. Trend:

Özümüzü tanıdığımız andan Xocalı faciəsi barədə məlumatlandırılmış, Xocalı faktlarını bilərək yaşamışıq. Ermənilərin əsir götürdüyü bir insanın yaddaşından silinməyən o tükürpədici hadisələri oxumaq, dinləmək və göz yaşlarına hakim olmamaq mümkünsüzdür. Oxuduqca, işgəncələrin hər anını öz bədənimizdə, öz ruhumuzda hiss edirik.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, bu faktları toplayarkən 20-22 yaşlı gənclər, müstəqil Azərbaycanın bu qanlı keçmişini göz yaşları içində oxuyan tələbələr olaraq anladıq ki, izləmək yetmir, yaşamaq gərəkdir. ONLAR UNUTMADILAR. BİZ DƏ UNUTMAYACAĞIQ! UNUTDURMAYACAĞIQ!

Dünya Xocalı faciəsini soyqırım kimi tanıyana qədər sərhədlərimizdən kənarda yaşayan hər kəsin diqqətinə bu dəhşətləri dəfələrlə çatdıracaq, haqqımızın bərpası uğurunda savaşacaq, günahsız qurbanların qisasının qiyamətə qalmasına imkan verməyəcəyik!

Ya rəb, bu nə dəhşət, nə fəlakət?

Ya rəb, bu nə vəhşət, nə zəlalət?

Yox kimsədə insafü mürüvvət,

İblisəmi uymuş bəşəriyyət!?

Hüseyn Cavid

1. Girov götürülərkən 3 yaşı olan Xocalı sakini Şövqi Xaqani oğlu Əliyevin bazu sümüyünü Xankəndində erməni "həkimlər" çıxarıb, nəticədə Şövqi ömürlük şikəst qalıb.

2. Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr verib, onun qulaqlarını kəsiblər, anası hədə və şantajlara dözməyərək ağlını itirib, qızın özünü isə 4 milyon rus rubluna ailəsinə satıblar.

3. Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr verib, kəlbətinlə onun 16 dişini çıxarıblar.

4. 1930-cu il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni girovluğunda mütəmadi olaraq döyülüb, onun bədəninə siqaret basılaraq yandırılıb. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən bir müddət sonra vəfat edib.

5. Erməni hərbçiləri Füzuli rayonundan girov götürdükləri Mürvət Fətiş oğlu Ağayevi döyərək qulağını kəsib, əllərini məftillə arxadan bağlayaraq, ağacdan asıb və ayaqlarının altında ocaq qalayaraq yandırıblar.

6. Hərbi əsirlər – Novruz Məhəmməd oğlu Daşdəmirov və Namiq Cavanşir oğlu Qarayev mütəmadi döyülmə, bədənlərinə qızdırılmış əşyalarla dağ basılma və başlarına mismar çalınması nəticəsində ruhi xəstə həddinə çatdırılıblar.

7. Hərbi əsir Mürşüdov Sədrəddin Aslan oğlu döyüldükdən sonra şüşə qırıqlarını udmağa məcbur edilib.

8. Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dəyənəklə döyülüb, damarına benzin yeridilib, yaralarının qaysağı qopardılaraq ona əzab verilib, üzərinə təlim keçmiş it buraxılıb.

9. Mayıl Məhəmmədəli oğlu Məmmədovun damarına dizel yanacağı yeridilib, sinəsi qızdırılmış xaçla damğalanıb.

10. Vəhşicəsinə döyülmə nəticəsində hərbi əsir Cavid Ağa oğlu Hüseynovun çənəsi və qabırğaları sınıb. Ermənilər dəmir parçası ilə Cavidin qoluna damğa basıblar və yarasının üzərinə kimyəvi turşu tökülüb.

11. 20 yaşında 8 gün erməni əsirliyində olan Xocalı sakini Dürdanə Ağayevanı dubinka, təpik, taxta qırığı ilə döyüb, təcavüzə məruz qoyub, daha sonra öldüyünü zənn edərək zibilliyə atıblar. Huşunu itirmiş Dürdanə özünə gəldikdə yaxınlıqda olan erməni onun səsini eşidib, ölmədiyini anladıqda isə yenidən gətirib kameraya atıblar.

12. Hamilə vəziyyətdə girov götürülən Gülcamal Quliyevanın əsirlikdə yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni "həkimi" Aida Serobyan naməlum tərkibli iynələr vurub. Nəticədə Arzu Hacıyev ömürlük şikəst olaraq, 2003-cü ildə vəfat edib.

14. Anası Afət Mirzəyevanı və babası Aslan Mirzəyevi ermənilər vəhşicəsinə güllələyərkən Babək İlyasov cəmi yeddi aylıq imiş. Qəlpələr Babəkin sağ gözünü yaralayıb, lakin buna baxmayaraq, ermənilər onu da Kəlbəcər rayonundan girov götürülmüş digər həmkəndliləri ilə birlikdə yalnız dörd aydan sonra və həm də müalicə etmədən qaytarıblar. Hazırda Babəkin bir gözü kordur.

15. Zəminə Göyüş qızı Dadaşova ermənilər tərəfindən girov götürülərkən qolundan aldığı güllə yarası baxımsızlıq üzündən irinləyib və onun bədənində çürümə prosesi gedib. Hazırda Zəminənin sol qolu işləmir. Girov götürülən zaman isə ermənilər onun atası Göyüş Dadaşovu və yaşlı nənəsi Qönçə İbadovanı yerindəcə güllələyiblər.

16. Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən yaşlı qadın Şərqiyyə Rza qızı Şirinovanın 8 qızıl dişi mismar kəlbətini ilə çəkilib. O, altı ay davamlı işgəncələrə məruz qalıb.

17. Qubadlı rayonunun işğalı zamanı 65 yaşlı Biniş Rəsul qızı Məmmədova və 69 yaşlı Sara Miriş qızı İsmayılova girov götürülüb Xankəndi hərbi hissəsində saxlanıblar. Burada onları gündüz ağır fiziki əmək tələb edən işlərdə işlədir, gecələr isə xüsusi amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxlanılan Şahsənəm və Əsli adında qadınlar bu cür ağır işgəncələrə dözməyərək, girovluqda ölüblər.

18. Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovnanın və ahıl bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyiti gördüyünü bildirir. Bundan əlavə, Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanılan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürüblər. Onların biri azad edilmiş, biri döyülə-döyülə öldürülmüş, digərlərinin sonrakı taleyindən isə bu günədək məlumat yoxdur.

19. Nübar Kərim qızı Zeynalova Şuşa rayonunun işğalı zamanı oğlu Niyaz Balay oğlu Zeynalovun gözləri qarşısında ermənilər tərəfindən öz evində diri-diri yandırılıb.

20. Şahmurad Hüseynalı oğlu Hüseynov Xocavənd rayonunun Qaradağlı kəndi işğal edilərkən ermənilər Rafiq Ələstan oğlu Quliyevin və digər kənd sakinlərinin gözləri qarşısında üstündən “KAMAZ” markalı yük maşını ilə keçərək onu qətlə yetiriblər.

21. Cəlil Hümbətəli oğlu Hümbətov Xocalı soyqırımı zamanı ailəsi ilə birlikdə girov götürülmüş, gözləri qarşısında ermənilər oğlu Muğanı, gəlini Südabəni, qızı Simuzəri və həyat yoldaşı Firuzəni qətlə yetirmiş, elə Cəlil kişinin özünə onları dəfn etdirmişlər. Erməni girovluğunda olduğu 48 gün ərzində mütəmadi işgəncələrə məruz qalmışdır: armaturla və avtomatın qundağı ilə döyülmüş, qolları mismarla deşik-deşik edilmişdir.

22. Məmiş Nəsib oğlu Abdullayev 1990-cı ildə Əsgəran rayonunda girov götürülüb, Xankəndində saxlandığı müddətdə ağır işgəncələrə məruz qalıb, üstünə buraxılan təlim görmüş itlər bədənini didik-didik edibilər.

23. Aydın Mehdi oğlu Abbasov 1992ci ildə Xocavənd rayonunun Qaradağlı kəndi işğal edilərkən ermənilər tərəfindən girov götürülüb. Xankəndində saxlandığı müddətdə adi kəlbətinlə bütün dişləri çıxarılıb. İfadəsinə əsasən, erməni nəzarətçiləri onun ayaq barmaqlarının arasına qaynar dəmir qoyub barmaqlarını sıxıb və bu vəziyyətdə saxlamaqla ona işgəncə veriblər. Ermənilər onu və üzünü tük basmış digər əsir və girovları bir-birinin saqqalını əllə yolmağa məcbur ediblər.

24. Məmməd Cümşüd oğlu Məmmədov Xocalı şəhərinin işğalı zamanı girov götürülüb, erməni hərbiçiləri tərəfindən vəhşicəsinə döyülüb, işgəncələrə məruz qalıb. Döyülmələr nəticəsində müxtəlif zədələr alıb, iki qabırğası sındırılıb.

25. Bahadur Mikayıl oğlu Səlimov Xocalının işğalı zamanı girov götürülərək diri-diri yandırılıb.

26. Əli Əbdül oğlu Abişov Xocalı şəhəri işğal edilərkən girov götürülüb. Girov saxlanıldığı müddətdə işgəncə ilə öldürülüb.

Xocalı soyqırımı nəticəsində 613 nəfər həlak olub, onlardan:

uşaqlar - 63 nəfər;

qadınlar - 106 nəfər;

qocalar - 70 nəfər.

8 ailə tamamilə məhv edilib.

25 uşaq hər iki valideynini itirib.

130 uşaq valideynlərindən birini itirib.

487 nəfər yaralanıb, onlardan 76 nəfəri uşaqlardır;

1275 nəfər əsir götürülüb.

150 nəfər itkin düşüb.

P.S. Faktlar Vüsalə Məmmədovanın "Əsir düşərgəsi" və Aygün Həsənoğlunun "Erməni sindromu" kitablarından, müxtəlif saytlardan götürülüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda təcrübə keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri

Ləman Quliyeva

Şəms Balabəyova

Ülkər Nuri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti