...

Almaniya Azərbaycanda məcburi köçkünlərlə bağlı yeni layihənin icrasına başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2018 20:09 (UTC +04:00)

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə direktoru xanım Sonia Fontaine arasında görüş keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində dövlət tərəfindən görülən işlərdən danışılıb. Dövlət Komitəsinin sədri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən də bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bunların nəticəsində 300 minə yaxın məcburi köçkün yeni mənzillərlə təmin olunub.

Dövlət Komitəsinin sədri, xanım Sonia Fontaineyə rəhbərlik etdiyi humanitar təşkilatın xətti ilə ölkəmizdə olan qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrə və onların problemlərinin həllinə göstərilən köməkliyə görə təşəkkürünü bildirib.

GİZ-in nümayəndə heyətinin rəhbəri S.Fontaine Almaniya-Azərbaycan əlaqələrinin hazırki səviyyəsini yüksək qiymətləndirib. İki ölkə arasında müxtəlif sahələri əhatə edən layihələrin həyata keçirildiyinə diqqət çəkib. Nümayəndə heyətinin rəhbəri əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Görüşdə layihə haqqında ətraflı məlumat verilib, qeyd edilib ki, layihə çərçivəsində müxtəlif istiqamətli fəaliyyətlərin həyata keçirilməsi ilə məcburi köçkünlər üçün yeni gəlir imkanlarının yaradılması gözlənilir.

Daha sonra görüşdə GİZ və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin birgə həyata keçirəcəyi layihə müzakirə edilib. Layihə ilə ümumi tanışlıqdan sonra onun genişləndirilməsi imkanları müzakirə edilib. Layihənin ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti