Bakı. Trend:
Millət vəkili Qənirə Paşayeva Ağdam rayonunun Quzanlı qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində böyük şücaətlər göstərmiş qəhrəman şəhid qardaşımız, əfsanəvi komandir, Murov Qartalı Raguf Orucovun doğum günündə onun xatirəsinə həsr edilmiş anım tədbiri, Raquf Orucova həsr olunmuş “Ruhun həsrəti” filminin təqdimatında və Raquf Orucovun xatirəsinə həsr olunan futbol turnirinin mükafatlandırma mərasimində çıxış edib.
Trend-in məlumatına görə, çıxışına "Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm", - deyərək başlayan millət vəkili bu zəfərin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb və belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik deyib.
Millət vəkili Raquf Orucovun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqdan söz açıb, onunla bağlı xatirələrini bölüşüb, ibrətamiz ömür yolunu gənc nəsil üçün əsl örnək olduğunu söyləyib. Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva "böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün hər birimiz fəal olmalıyıq", - deyib.
Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər.
Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq”, - deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Çıxışının sonunda millət vəkili "R.Orucovun xatirəsinə həsr olunmuş növbəti tədbirləri Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində Ağdamın işğaldan azad ediləcək torpaqlarında da qeyd edək", - deyib.