Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Ermənistanın ədliyyə nazirliyi dustaqların hərbi əməliyyatlara cəlb edilə biləcəyi ilə bağlı açıqlama yayıb. Açıqlamada artıq bəzi dustaqların bu məqsədlə “könüllü” müraciət etdiyi qeyd olunur.
Trend-ə açıqlamasında məsələyə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, bunu Ermənistan ordusunun düşdüyü ağır vəziyyətlə əlaqələndirib:
“Vətən müharibəsinin ilk günündən etibarən Azərbaycan ordusunun düşmənə böyük itkilər verdilər, işğalçının çoxlu sayda canlı qüvvəsi və texnikasını məhv etdiyi məlumdur. Hansı ki, erməni tərəfi də itkilərinin kifayət qədər böyük olduğunu etiraf etməkdədir.
Hərbçilərimizin uğurlu əməliyyatları, çoxlu sayda yaşayış məntəqəsi və strateji yüksəkliyin düməndən azad edilməsi, düşmən ordusunun verdiyi böyük itkilər erməni hərbçiləri arasında böyük qorxu, kütləvi fərariliklə müşahidə edilməkdədir. Belə bir şəraitdə Ermənistanın ədliyyə nazirliyinin bu cür açıqlama ilə çıxış etməsi, rəsmi İrəvanın son dərəcə çarəsiz vəziyyətdə olduğunu, residivistlər hesabına olsa belə, səngərləri doldurmağa can atdığını göstərir. Bu fakt onu göstərir ki, Ermənistan ordusunda sadəcə hərbi texnika baxımından deyil, həm də canlı qüvvə baxımından ciddi çatışmazlıq hökm sürür. Məhz buna görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi son çıxış yolunu dustaqları əsgər qismində döyüş meydanına göndərməkdə, vaxtiylə özünün həbs etdiyi insanları silahlandırmaqda görür.
Şübhəsiz ki, Ermənistanın dustaqları əsgər qismində müharibəyə cəlb etməsi işğalçı ölkəni xilas etməyəcək. Necə ki, bundan öncə müxtəlif terror təşkilatları ilə əməkdaşlıq, xaricdən gətirilən muzdlular Ermənistanı ağır məğlubiyyətlərdən sığortalamadı.
Azərbaycan ordusu elə ilk gündən sübut etdi ki, o, qarşısına qoyulan istənilən tapşırığı ən yüksək səviyyədə icra etməyə qadirdir. Bu isə o deməkdir ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyi, bu böyük, həlledici zəfəri bayram edəcəyi gün uzaqda deyil”.