...

Nizami Bəhmənov AB-nin xüsusi nümayəndəsilə görüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyul 2006 20:00 (UTC +04:00)

Biz ATƏT, AB və digər beynəlxalq təşkilatlardan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı cəsarətli mövqe gözləyirik. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, iyulun 20-də Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri Nizami Bəhmənov Azərbaycan XİN-də AB-nin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebilə görüşün yekunları üzrə jurnalistlərə bildirib.

O deyib ki, P.Semnebinin bu vəzifəyə təzəcə təyin olunduğunu nəzərə alsaq, görüş tanışlıq xarakteri daşıyıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib ki, bunların arasında ATƏT Minsk Qrupu həmsədrlərinin fəaliyyəti, işğal olunmuş Azərbaycan torpaqlarında Ermənistan tərəfindən törədilmiş yanğınlar, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin bununla bağlı son hesabatı olub.

N.Bəhmənovun dediklərinə görə, avropalı diplomat Azərbaycan tərəfinin münaqişənin hərbi yolla həlli imkanı haqqında bəyanatı ilə bağlı narahatlığını bildirib. "Bununla əlaqədar mən vurğuladım ki, Azərbaycanın öz işğal olunmuş ərazilərini azad etməyə tam hüququ var və bu, beynəlxalq təşkilatlar çərçivəsində həll oluna bilməz" - deyə N.Bəhmənov qeyd edib. O əlavə edib ki, bu qurumların çoxu Ermənistanın işğalçı hərəkətlərini pisləyən və işğal olunmuş əraziləri təcili azad etməyə çağıran qətnamələr qəbul edib.

Qeyd edək ki, günün ikinci yarısında P.Semnebi XİN-də xarici işlər naziri Elmar Məmmədyarov və onun müavini Araz Əzimovla da danışıqlar aparıb.

Xəbər lenti

Xəbər lenti