...

BMT baş katibi hesab edir ki, Kosovoya müstəqilliyin verilməsi Dağlıq Qarabağ üçün nümunə olmayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2007 14:10 (UTC +04:00)
BMT baş katibi hesab edir ki, Kosovoya müstəqilliyin verilməsi Dağlıq Qarabağ üçün nümunə olmayacaq

Azərbaycan, Bakı /müx. Trend K.Ramazanova/ BMT baş katibi Pan Gi Mun hesab edir ki, Kosovoya faktiki müstəqilliyin verilməsi bır sıra ölkələrdə, o cümlədən Azərbaycan və Gürcüstanda separatçı hərəkatlar üçün nümunə ola bilməz.

"Mən bir məsələyə aydınlıq gətirmək istərdim ki, Kosovo unikal bir problemdir və Gürcüstandakı Abxaziya respublikası, həmçinin Azərbaycanın mübahisəli Dağlıq Qarabağ regionundakı vəziyyətlər üçün nümunə rolu oynamır" - deyə BMT baş katibi təşkilatın bazar ertəsi Nyu-Yorkda yerləşən baş qərargahında keçirilən mətbuat konfransı zamanı bildirib.

BMT-nin rəsmi saytında qeyd olunub ki, ötən həftənin sonunda ABŞ və onun müttəfiqləri BMT-nin Təhlükəsizlik Şurasına Kosovonun gələcək statusu ilə bağlı qətnamənin dördüncü növbəti layihəsini göndərib.

Əvvəlki layihələr kimi bu dəfəki layihə də Rusiya tərəfində kəskin etiraz doğurub.

Pan Gi Mun bildirib ki, Təhlükəsizlik Şurasının Kosovonun gələcək statusunun müəyyən edə bilməməsindən narahatdır. Onun fikrincə, bu məsələnin həllində gələcək təxirəsalmalar arzuedilməzdir və təkcə Balkanlarda deyil, o cümlədən bütün Avropada təhlükəsizliyə mənfi təsir göstərə bilər.

"Mən ümid edirəm ki,Təhlükəsizlik Şurasının nümayəndələri bu problemi mənim xüsusi nümayəndəmin tövsiyələri əsasında həll edə biləcəklər. Mən bu məsələni Rusiya prezidenti Putin də daxil olmaqla Təhlükəsizlik Şurasının üzv dövlətlərinin rəhbərlərinin əksəriyyəti ilə müzakirə etmişəm" - deyə baş katib bildirib və qeyd edib ki, AB-in xüsusi elçisi Axtisaarinin tövsiyələrində Kosovonun gələcək statusunun müəyyən edilməsi üçün lazım olan bütün elementlər var.

Xəbər lenti

Xəbər lenti