...

Azərbaycan Kommunist Partiyası iki hissəyə parçalandı

Siyasət Materials 24 Sentyabr 2007 11:48 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyası iki hissəyə parçalandı

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Kommunist Partiyasının (AKP) sentyabrın 22-də keçirilən Plenumunda ikiyə ayrılmış qrupların ayrı-ayrılıqda qurultay çağırması ilə partiyanın iki yerə parçalanmasının əsası qoyuldu.

Solçu, müxalifətyönlü partiya olan AKP-yə yarandığı 1993-cü ildən bu ilin sentyabrınadək Ramiz Əhmədov sədrlik edib. Sabiq millət vəkili Əhmədovun sentyabrda vəfatından sonra partiya fəalları iki yerə - sədr müavinləri Rauf Qurbanov və Rüstəm Şahsuvarovun tərəfdarlarına bölünüblər.

Şahsuvarov və tərəfdarları Qurbanovu partiya daxilində pozuculuq fəaliyyəti ilə məşğul olmaqda, bölücü qrup yaratmağa, partiya fəallarını münaqişəyə təhrik etməkdə günahlandırırlar. Onlar iddia edirlər ki, Qurbanovun məqsədi partiyada liderliyi qeyri-legitim şəkildə ələ keçirməkdir.

Qurbanov isə sədrin birinci müavini olduğunu iddia edərək sədr olmadıqda səlahiyyətlərin ona keçdiyini iddia edir. Qurbanov hesab edir ki, Şahsuvarovun tərəfdarları təxribat yolu ilə sədrlik səlahiyyətlərini onun əlindən almağa çalışırlar.

Ötən həftənin sonu keçirilən Plenumda Qurbanovun partiyadakı vəzifəsindən azad edilməsi barədə qərar çıxarılıb. Həmçinin Qurbanovun üzvü olduğu Gəncə şəhər təşkilatına tövsiyə olunub ki, onu AKP sıralarından xaric etsin.

Plenum oktyabrın 14-də qurultay keçirilməsinə və AKP sədrliyinə Şahsuvarovun namizədliyinin irəli sürülməsinə qərar verib.

Qurbanovun tərəfdarları isə Plenum keçirilən zalı tərk edərək partiyanın qərargahı qarşısında özlərinin toplantılarını keçiriblər. Onlar partiyanın Mərkəzi İcraiyyə Komitəsinin buraxılması, həmçinin AKP-nin qurultayının çağırılması üçün Təşkilat Komitəsi yaradılması barədə qərar çıxarıblar. Təşkilat Komitəsinə Qurbanovu sədr seçiblər.

Qurbanovun tərəfdarlarından olan Mərkəzi İcraiyyə Komitəsinin üzvü Gülnisə Məsimova Trend ə bildirib ki, onlar zalda keçirilən Plenumu qeyri-legitim hesab edirlər. Onun sözlərinə görə, Qurbanovun əleyhinə çıxış edənlərin hamısı heç də partiyanın üzvləri deyil, bəziləri kənar şəxslər idi: "Bu təxribatı təşkil edənlər Plenuma özlərinin qohum-əqrəbasını yığmışdılar, zalda hətta YAP-çılar da var idi. Onların məqsədi Qurbanovu ləkələyərək partiyadan çıxarmaq idi. Bizə isə danışmağa imkan vermirdilər" - deyə Məsimova bildirib.

Onun sözlərinə görə, Plenumu Qurbanovun tərəfdarı olan 37 nəfər tərk edib, 30 nəfər Təşkilat Komitəsinin yaradılmasında iştirak edib.

Bununla bağlı Trend ə açıqlama verən Şahsuvarov bildirib ki, Plenumda 70 nəfər üzvdən 63-ü iştirak edib, onlardan yalnız 6-sı Qurbanovun tərəfdarları olub. Qalan 57 nəfər isə Qurbanovun partiyadan xaric olunmasını tələb ediblər. Şahsuvarovun sözlərinə görə, Plenum üzvlərindən cəmi 6 nəfər zalı tərk etdiyi üçün 30 nəfərin Təşkilat Komitəsi yaratması iddiası absurddur: "Onların ətrafında olan şəxslər Plenum üzvləri deyil və partiyadan kənarda guya legitim orqan yaratmaq iddiaları isə sadəcə gülüncdür" - deyə Şahsuvarov bildirib.

Şahsuvarov həmçinin idida edib ki, mərhum Əhmədovun qardaşı - partiyanın Ağsaqqallar Şurasının sədri Xanmurad Əhmədov da onların qərarlarını dəstəkləyir.

Beləliklə, Qurbanovun və Şahsuvarovun rəhbərlik etdiyi tərəflərin hər ikisi öz qurultaylarına hazırlaşır.

Kommunist Partiyasının rəsmi məlumatına görə, partiyanın 5 min nəfər üzvü var.

Bu partiya özünü Azərbaycanda hələ "böyük oktyabr sosialist inqilabı" adlanın çevrilişdən əvvəl, 1903-cü ildə yaradılmış Kommunist Partiyasının varisi hesab edir. SSRİ dağıldıqdan sonra Azərbaycanın müstəqilliyi dövründə, partiya 1993-cü ildə bərpa olunub. AKP özünü iqtidara qarşı konstruktiv müxalifətçi hesab edir.

Xəbər lenti

Xəbər lenti