...

Lord Rassel Conston: "Ermənistan-Azərbaycan münaqişəsinin həlli Köçəryan və Əliyevin qərarlarından asılı olacaq"

Siyasət Materials 4 Oktyabr 2007 15:44 (UTC +04:00)
Lord Rassel Conston: "Ermənistan-Azərbaycan münaqişəsinin həlli Köçəryan və Əliyevin qərarlarından asılı olacaq"

Fransa, Strasburq / Trend müxbir A.Məhhərrəmli/ Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin rəhbəri Rassel Conston noyabrın birinci dekadasında regiona səfər etmək niyyətindədir. "Səfərin tarixi Azərbaycan və Ermənistan prezidentləri ilə razılaşdırıldığı təqdirdə mən noyabrın 9-da Bakıda olacam" - deyə Conston cümə axşamı Strasburqda jurnalistlərə bildirib.

Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsi 2005-ci ilin yazında təşkilatın Ermənistan-Azərbaycan problemi ilə bağlı qətnaməsinin icrasına nəzarət edən orqan kimi yaradılıb.

"Mənim başçılıq etdiyim komitə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rolu oynamır. Əsas ideya ilk növbədə Azərbaycan və Ermənistandan olan parlamentarilər arasında əlaqələri və dioloqu yaxşılaşdırmaqdan ibarətdir, biz Bakıda və Avropada seminarlar keçirəcəyik və bununla biz münasibətləri normallaşdırmağa cəhd göstəririk" - deyə o bildirib.

Lord hesab edir ki, göstərilən bütün səylərə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli "əvvəl-axır Köçəryan və Əliyevin qərarlarından asılı olacaq".

Conston Avropa Şurasının mədəni irsin öyrənilməsi üzrə məruzəçisi Edvard Oxaranın regiona səfərinin təxirə salınması ilə bağlı təəssüf hissi keçirdiyini bildirib. Bu məsələ Strasburqda Lordun Milli Məclisin spikeri Oqtay Əsədovla keçirdiyi görüş zamanı diqqət mərkəzində olub. "Mən spiker Əsədova mənim başçılıq etdiyim komitə və AŞPA-nın mədəniyyət komitəsi tərəfindən planlaşdırılmış səfərin qısa xəbərdarlıq edilməklə təxirə salınması ilə bağlı təəssüf hissi keçirdiyimi bildirdim. Lakin ümid edirəm ki, yaranmış vəziyyət aradan qaldırılacaq" - deyə o qeyd edib.

Lord bildirib ki, Avropa Şurasını Azərbaycan və Ermənistanın daxili siyasəti narahat edir. Onun fikrincə, Azərbaycanda sürətli iqtisadi artım Avropa ölkələrində geniş yayılan əsas demokratik prinsiplərə laqeyd münasibət göstərilməsinə səbəb olmamalıdır. "Siyasi dustaqların əksəriyyətinin çox qoca və xəstə olmaları bizi narahat edir. Bizi həmçinin söz azadlığı ilə bağlı vəziyyət də narahat edir, bu yaxınlarda Azərbaycanda 7 jurnalist həbs olunub" - deyə Conston bildirib.

Xəbər lenti

Xəbər lenti