...

Sankt-Peterburqda MDB Parlament Assambleyasının sessiyası keçiriləcək

Siyasət Materials 30 Oktyabr 2007 00:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bu gün Sankt-Peterburqda MDB Parlament Assambleyasının 29-cu plenar sessiyası keçiriləcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda regional və sərhədyanı əməkdaşlıq, toprağın mühafizəsi, ümumxalq referendumları, nəqliyyatda təhlükəsizlik, yaşlıların təhsili, QİÇS-lə mübarizə, ekologiya sahəsində hazırlanan model qanun layihələri və cari məsələlər müzakirə olunacaq.

Sessiyada Azərbaycanı Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Regional Məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə, komissiya sədrlərinin müavinləri Elton Məmmədov, Rövşən Rzayev, deputat Fəzail Ağamalı daxildir.

Tədbir çərçivəsində nümayəndə heyətinin üzvləri Assambleya Şurasının, Müdafiə və təhlükəsizlik, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya, Hüquqi məsələlər üzrə Daimi komissiyalarının, həmçinin MDB-də Terrorizm, cinayətkarlıq və narkobizneslə mübarizə sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə Birgə Komissiyanın iclaslarında iştirak edəcəklər.

MDB Parlament Assambleyasında təşkilata üzv olan 12 ölkə-Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikıstan, Ukrayna, Belarus və Moldova təmsil olunur.

Xəbər lenti

Xəbər lenti