Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləmək üçün digər namizədlərlə danışıqlar aparılacaq. Bu barədə bazar ertəsi Trend ə Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər açıqlama verib.
Gələn ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. 2003-cü ildə keçirilmiş prezident seçkisində namizəd olmuş Qəmbər növbəti seçkidə yenə prezidentliyə namizədliyini irəli sürməyə qərar verib.
Müsavatın Məclis sədri bildirib ki, partiyanın namizədi ətrafında blok yaradılacaq. Artıq bununla bağlı danışıqlar aparılır.
Əkbərin sözlərinə görə, 2003-cü ildə Qəmbəri dəstkləmiş partiyaların bəziləri indi də ona dəstək verdiyini bildirib. Lakin o, həmin partiyaların və danışıqlar aparılan partiyaların adlarını açıqlamayıb.
Əkbər bildirib ki, Müsavat Partiyası seçkidə iddialı olan bütün qüvvələrin öz namizədliyini elan etməsini gözləyir. Bundan sonra partiya öz namizədinin dəstəyini artırmaq üçün digər müxalifətçi namizədlərlə danışıqlara başlayacaq: "Həmçinin əgər Müsavatın namizədindən daha güclü, şanslı namizəd olarsa, biz onu müdafiə etmək barədə müzakirələr aparmağa hazırıq" - deyə məclis sədri bildirib.
Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.