Az?rbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycan, Türkiyə və ABŞ-ın Avroasiyada həyata keeirdiyi siyasət hər üç ölkəni təmsil edən nümayəndələrin iştirakı ilə Vaşinqtonda müzakirə olunacaq. "Azərbaycan, Türkiyə və ABŞ-ın Avroasiyada siyasəti" adı altında Vaşinqtonda beynəlxalq konfrans keçiriləcək. Belə konfransların keçirilməsi, birgə siyasətin təşkil olunması çox vacib və əhəmiyətlidir" - deyə çərşənbə günü Trend ə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirib.
Dekabrın 9-dan 15-dək davam edəcək beynəlxalq konfransda Azərbaycanı Seyidov təmsil edəcək.
"Bu heç də təsadüfi deyil ki, Azərbaycan, Türkiyə və ABŞ-ın həyata keçirdiyi siyasət birgə müzakirə olunur. Çünki hər üç ölkəni narahat edən problemlər, bir-birinə oxşar və asılı olan məsələlər var" - deyə komissiya sədri əlavə edib.
Onun fikrincə, Azərbaycanla Türkiyə arasında mövcud olan yüksək səviyyəli münasibətlər Bakı və Ankaraya imkan verir ki, xaricdə siyasətlərini birgə təşkil etsinlər: "Azərbaycan Türkiyə münasibətləri başqa ölkələr üçün nümunəvi ola bilər. Belə bir nümunəvi əlaqələri genişləndirmək və inkişaf etdirmək təkcə bölgə deyil, bütün dünya üçün vacib olan məsələdir. Çünki hazırda bölgədə proseslər çox gərgin formada cərəyan edir. Bu əlaqələri genişləndirmək, təcrübəni strateji müttəfiqimiz olan ABŞ-la bölüşmək vacib və əhəmiyyətlidir".
Konfrans çərçivəsində Vaşinqtonda müxtəlif siyasətçilər, iş adamları, universitetlərdə görüşlər keçiriləcək. ABŞ-ın və Türkiyənin tanınmış siyasətçiləri, ictimai xadimləri, rəsmiləri, parlamentdə və hökumətdə təmsil olunan şəxslər konfransda iştirak edəcəklər.