...

Rusiyanın İrana nüvə yanacağı verməsinə baxmayaraq, rəsmi Tehran uranın zənginləşdirilməsini dayandırmayacaq - Geopolitik Assosiasiyanın sədri

Siyasət Materials 19 Dekabr 2007 11:44 (UTC +04:00)
Rusiyanın İrana nüvə yanacağı verməsinə baxmayaraq, rəsmi Tehran uranın zənginləşdirilməsini dayandırmayacaq - Geopolitik Assosiasiyanın sədri

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Rusiyanın İrana nüvə yanacağı verməsinə baxmayaraq, rəsmi Tehran uranı zənginləşdirmək planını dayandırmayacaq. "Rusiyanın İrana verdiyi vədləri dəfələrlə pozmasını nəzərə almaqla İranın uranın zənginləşdirilməsini dayandıracağını gözləmək absurddur" İran Geopolitik Assosiasiyanın sədri və Tehran Universitetinin müəllimi Pr.İzzətullah İzzəti bildirib.

İranın İRNA Agentliyinin dekabrın 17-də verdiyi məlumata əsasən, Rusiya ilk dəfə Buşəhr nüvə stansiyasının bir illik yanacağını İrana təhvil verib. Rusiya XİN bu barədə yaydığı məlumatda dolayısıyla İranın nüvə stansiyalarını yanacaqla təmin etdiyini bildirərək rəsmi Tehrana artıq uranı zənginləşdirməsi üçün ehtiyac qalmadığını bəyan edir. İranın Nüvə Təşkilatının sədri Mehdi Ağazadə dekabrın 17-də mətbuata açıqlamasında İranın uranı zənginləşdirmək planını dayandırmayacağını bildirib. İranın Buşəhr nüvə stansiyasının illik yanacağa olan tələbatı 160 ton qeyd olunur. Rusiya ilk mərhələdə İrana 80 ton 1.6 və 4.6 dərəcədə zənginləşdirilmiş uran təhvil verib.

İzzəti çərşənbə günü Tehrandan telefonla Trend ə bildirib ki, Rusiya İrana nüvə yanacağı verməklə öz öhdəliklərinə əməl edib: "Rusiya bununla Tehrana qarşı yalnız vəzifəsini yerinə yetirib və bunun əvəzində İrandan uranın zənginləşdirilməsi planını dayandırmağı tələb etməyə haqqı yoxdur. Tarix boyu rəsmi Moskva bizə verdiyi vədləri öz mənafeyinə uyğun olmadığı anda "qulaqarxasına" vurub. Bu səbəbdən biz onların gələcəkdə nüvə sahəsində İranla əməkdaşlığına inanmırıq və hər ehtimala qarşı uranın zənginləşdirilməsini davam etdirməliyik. Bu bizim MAQATE-nin qanunlarına əsasən haqqımızdır".

ABŞ kəşfiyyat orqanlarının dekabrın 3-də yaydığı məlumata əsasən, İran 2003-cü ildə atom silahı istehsal etmək planını dayandırıb və 2007-ci ilədək beynəlxalq təzyiqlərə məruz qaldığı üçün bu planı bərpa etməyib. İran rəsmiləri bu məruzəni rəsmi Tehranın lehinə olan bir fakt kimi qəbul edirlər.

İzzətinin fikrincə, Rusiyanın İrana nüvə yanacağı vermək qərarına gəlməsinin bu məruzəyə aidiyyatı yoxdur. "Bu məruzə əlbəttə ki, İranın xeyrinədir, lakin bunun Rusiyanın ölkəyə nüvə yanacağı vermək qərarına qətiyyən təsiri yoxdur" İzzəti bildirib.

BMT Təhlükəsizlik Şürası İranın uranı zənginləşdirməsi planını dayandırmaq məqsədilə indiyədək ölkə əleyhinə iki Qətnamə qəbul edib və hazırda 3-cü Qətnamə üzərində müzakirələr 2008-ci ilə qədər təxirə salınıb. Qərb İranı sülhməramlı nüvə enerjisi istehsalı bəhanəsilə atom silahına yiyələnmək istəyində suçlandırır.

İzzəti belə hesab edir ki, İran əleyhinə 3-cü Qətnamənin təsdiq olunması ehtimalı çoxdur. "Lakin bu Qətnamənin İranın nüvə planına təsir edəcəyini inanmıram. Dünya gec-tez İranın nüvə planını qəbul etməlidir. Biz MAQATE-nin tam nəzarətində fəaliyyət göstəririk və burada heç bir qanunsuz hal yoxdur" İzzəti bildirib.

Xəbər lenti

Xəbər lenti