...

Müxalifətyönlü partiya prezident seçkisində indiki dövlət başçısını dəstəkləyəcək

Siyasət Materials 26 Dekabr 2007 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Müxalifətyönlü Azərbaycan Kommunist Partiyası gələnilki prezident seçkisində İlham Əliyevi dəstəkləməyə qərar verib.

"Hesab edirik ki, prezident seçkisində ən şanslı namizəd indiki dövlət başçısı İlham Əliyevdir"-deyə Kommunist Partiyasının sədri Rüstəm Şahsuvarov çərşənbə günü Trend ə açıqlamasında bildirib.

Hakim Yeni Azərbaycan Partiyası artıq bəyan edib ki, gələn ilin oktyabrında keçiriləcək növbəti prezident seçkisində İlham Əliyevin namizədliyini irəli sürəcək.

Şahsuvarov bildirib ki, AKP prezident seçkisində öz namizədi ilə iştirak etməməyə qərar verib. Həmçinin partiya mövcud vəziyyəti, siyasi qüvvələrin imkanlarını təhlil edib və indiki prezidenti dəstəkləmək qərarına gəlib.

"Müxalifət düşərgəsində də görkəmli siyasi xadimlər, liderlər var. Lakin biz hesab edirik ki, müxalifət liderlərindən daha çox İlham Əliyev ölkə üçün faydalı işlər görə bilər"-deyən Şahsuvarov əlavə edib ki, partiya bu qərarını dövlətçilik, ümummilli maraqları müdafiə etmək məqsədilə verib.

Solçu partiya olan AKP özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir. Partiyanın rəsmi məlumatına görə, AKP-nin 6 minə yaxın üzvü var. Bu, Azərbaycan əhalisinin (8 milyondan artıq) 0,5 faizini təşkil edir.

MSK-nın rəsmi məlumatına görə, Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 4 milyon 600 minə yaxındır. Kommunistlərin sayı isə seçicilərin təxminən 1,3 faizini təşkil edir.

SSRİ dağıldıqdan sonra müstəqillik dövründə AKP-nin fəaliyyətinə 1991-ci ildə xitam verilib, 1993-cü ildə bərpa olunub.

Xəbər lenti

Xəbər lenti