...

Kosovonun müstəqilliyinin tanınması Qarabağ münaqişəsinin həllində presedent ola bilməz - politoloq

Siyasət Materials 17 Fevral 2008 20:46 (UTC +04:00)
Kosovonun müstəqilliyinin tanınması Qarabağ münaqişəsinin həllində presedent ola bilməz - politoloq

Azərbaycan, Bakı, 17 fevral / Trend müxbir E.Hüseynli / Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, politoloq Aydın Mirzəzadə hesab edir ki, Kosovonun müstəqilliyinin tanınması Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində presedent ola bilməz. "Serj Sarkisyan və digər Ermənistan rəhbərlərinin müxtəlif bəyanatlarından asılı olmayaraq beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayacaq", - deyə bazar günü Trend ə açıqlamasında Mirzəzadə bildirib.

Ermənistanda prezidentliyə namizəd, baş nazir Serj Sarkisyan Kosovonun öz müqəddəratını təyin etməsini alqışlayır və hesab edir ki, bu proses Qarabağ münaqişəsinin həlli üçün presedent ola bilər.

"Əgər beynəlxalq birlik Kosovonun müstəqilliyini tanısa və eyni mövqeni "DQR"ə qarşı sərgiləməsə, bu, beynəlxalq ictimaiyyətin ikili standartlara əl atmasının göstəricisi olacaq", - deyə Sarkisyan "Reuters"ə müsahibəsində bildirib. Eyni zamanda o qeyd edib ki, söylədikləri o demək deyil ki, Kosovonun müstəqilliyinin elan olunmasının səhərisi günü Ermənistan "DQR" tanıyacaq.

Mirzəzadə bildirib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktı beynəlxalq təşkilatların müvafiq sənədlərində öz təsdiqini tapıb və dünya dövlətləri Azərbaycan ərazilərinin işğal edilməsini təsdiqləyirlər. Bu baxımdan Kosovo ilə Dağlıq Qarabağ problemini eyniləşdirmək məntiqsizdir.

Mirzəzadənin sözlərinə görə, Kosovonun müstəqil dövlət kimi tanınıb-tanınmaması sual altındadır.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cı illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cı ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti