...

Prezident seçkisində daha bir siyasi qüvvə - yaşıl siyasətçilər də mübarizə aparacaqlar

Siyasət Materials 20 Fevral 2008 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir S.İlhamqızı/ Bu il Azərbaycanda keçiriləcək prezident seçkisi kampaniyasında rəqib ideologiyalar arasında yaşıl yanaşma da olacaq.

"Prezident seçkisində yaşıl siyasət aparan siyasi qüvvə də iştirak edəcək" - deyə Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev Trend ə açıqlamasında bildirib.

Bu ilin oktyabrında Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. İndiki prezident İlham Əliyevin, müxalifətdən Müsavat, ADP, Ümid, Böyük Quruluş partiyalarının namizədlərinin irəli sürüləcəyi artıq açıqlanıb.

Yaşıllar Partiyasının ilk dəfə olaraq prezident seçkisində iştirak edəcəyi gözlənilir.

Güləliyev bildirib ki, partiyanın mart ayında keçiriləcək Ali Məclisinin iclasında prezident seçkisində iştirak barədə qərar veriləcək. Onun sözlərinə görə, partiyanın prezidentliyə öz namizədini irəli sürəcəyi gözlənilir: "Çünki bizim prinsiplərimiz, siyasi kursumuz nə iqtidarın, nə də müxalifətin kursu ildə üst-üstə düşür. Biz də heç bir namizədin siyasi kursu ilə razılaşmırıq, ona görə də hesab edirik ki, Azərbaycan siyasətinə fərqli yanaşma gətirmək lazımdır" - deyə Güləliyev bildirib.

Onun sözlərinə görə, partiyasının seçki platforması özündə yaşıl siyasəti əks etdirəcək - daxili və xarici siyasətdə bütün məsələlərə ekoloji təhlükəsizlik nöqteyi-nəzərindən yanaşılacaq. Yaşılların namizədi həmçinin öz platformasında sosial ədalətin, neft gəlirlərindən bütün vətəndaşların bəhrələnməsini vacib sayır, bələdiyyələrin dövlət idarəçilik orqanına çevrilməsini, dövlət səviyyəsində qadınların cəmiyyətdəki rolunun artırılması, bütün problemlərin qeyri-zorakı yollarla həllini təklif edir.

Güləliyevin sözlərinə görə, Qarabağ problemi, NATO qüvvələrinin Cənubi Qafqaz regionuna gəlməsi, neft gəlirlərinin idarə olunması, ABŞ, Avropa strukturlarının Azərbaycanla bağlı siyasəti kimi mühüm məsələlərə münasibətdə, hətta Kosovo ilə bağlı məsələdə Yaşıllar Partiyasının mövqeyi iqtidarın da, müxalifətin də mövqeyindən kəskin fərqlənir.

"Biz hesab edirk ki, hərbi blok olan NATO Cənubi Qafqaz ölkələrində qüvvələrini yerləşdirməməlidir, çünki bu dövlətlərə kənardan hərbi təhlükə yoxdur. ABŞ-ın imperialist siyasəti, Azərbaycanın başqa dövlətlərlə - Ermənistan, İran, Rusiya, Türkmənistanla münasibətlərinin yaxşılaşmasına mane olması pislənməlidir. Kosovonun müstəqilliyini tanımamaqla bərabər, Azərbaycan bu problemin dərinləşməsinin əsas səbəbkarını göstərməli - yəni, ABŞ və NATO-nun adını çəkməlidir" - deyə Güləliyev bildirib.

O, əlavə edib ki, Yaşıllar Partiyası adından prezidentliyə özü iddialı olacaq.

Güləliyevin sədrlik etdiyi müxalifətçi Yaşıllar Partiyası 2006-cı ilin sonunda yaradılıb.

Partiyadan bildirilib ki, partiyanın 1500 nəfər üzvü var.

Xəbər lenti

Xəbər lenti