Azərbaycan, Bakı, 21 may / Trend , müxbir S.Ağayeva/ Bolqarıstan Azərbaycan ilə energetika sahəsində əməkdaşlığın inkişafında maraqlıdır.
"Energetika sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı üzrə işləri sürətləndirmək lazımdır". Prezident administrasiyasından çərşənbə günü Trend -a verilən məlumata görə, bu barədə Bolqarıstan prezidenti Georgi Pırvanov Sofiyada rəsmi səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşü zamanı bildirib.
Bolqarıstan Azərbaycanın da iştirak etdiyi Avropanın "NABUCCO" layihəsi üzrə işləri fəallaşdırmaq istəyir.
Pırvanov bildirib ki, bu qaz kəmərinin böyük hissəsi gələcəkdə Azərbaycan resursları ilə təchiz oluna bilər.
Bolqarıstan Azərbaycandan limitləşdirilmiş miqdarda qaz ala bilər. "Biz Azərbaycandan Türkiyə və Yunanıstan vasitəsilə tədarük olanmaqla təxminən 1 mlrd. kub metr qaz ala bilərik", - deyə əvvəllər Pırvanov Bakıda bildirib. Bolqarıstan həmçinin Azərbaycanın yeni Burqas-Aleksandropolis layihəsinə fəal qoşulmasını da istəyir.
3300 km uzunluğunda olan NABUCCO qaz kəməri 2015-ci ilə qədər Mərkəzi Avropaya ildə 30 mlrd. kub metr qaz tədarükünə zəmanət verir. Bu qaz kəməri Rusiyanın Avropaya qaz tədarükünün alternatividir.
"Bulgargaz", Türkiyə "Botas"ı, Rumıniya "Transgaz"ı, Macarıstan "MOL"u, Avstriyanın "OMV" və Almaniyanın "RWE" şirkətləri layihənin öyrənilməsi məqsədi ilə "NABUCCO Company Pipeline"də iştirak edirlər.
Bolqarıstan prezidenti Azərbaycan parlamentinin rəhbəri ilə görüşdə iqtisadi, o cümlədən dəmir yolu nəqliyyatı sahəsində Azərbaycan-Bolqarıstan əməkdaşlığı üzrə işləri fəallaşdırmağın vacibliyini qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend