...

Milli Təhlükəsizlik Nazirliyi "İran-Azərbaycan" marşrutu üzrə narkotiklərin daşınması ilə məşğul olan iki qrupu zərərsizləşdirib

Siyasət Materials 9 İyun 2008 17:58 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyi "İran-Azərbaycan" marşrutu üzrə narkotiklərin daşınması ilə məşğul olan iki qrupu zərərsizləşdirib

Azərbaycan, Bakı, 09 iyun/ Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) bu günlərdə "İran-Azərbaycan" marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan iki qrup yaxalayıb. Bu barədə bazar ertəsi Trend -a nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Məlumata görə, onlardan ümumi çəkisi 6 kiloqramdan çox narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Nazirliyin yaydığı məlumatda bildirilir ki, Yardımlı rayon sakinləri - Cabir Bədirov və Qabil Bağırov saxlanılıb, onlardan 3,5 kiloqrama yaxın narkotik vasitə olan heroin götürülüb. Müəyyən edilib ki, onlar və habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, həmin narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək, satış məqsədilə İrandan Azərbaycana gətiriblər.

Məlum olub ki, Bədirov İran vətəndaşına sifariş etdiyi narkotik vasitəni sonuncudan qəbul etməyi Bağırova tapşırıb. Bağırov həmin narkotiki Yardımlının Avaraq adlanan ərazisində İran vətəndaşından təhvil alıb və Yardımlı qəsəbəsindəki evinin həyətində gizlədib. Bundan sonra, Bədirovun tapşırığı ilə Bağırov həmin narkotik vasitəni Bakıya gətirərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və ona məxsus çantaya baxış zamanı 3,5 kiloqrama yaxın heroin aşkar edilərək götürülüb.

MTN tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan Biləsuvar rayon sakini Sakit Musayev, Cəlilabad rayon sakinləri - Zahid və Cahid Quliyev qardaşları saxlanılıb, 2 kiloqram 580 qrama yaxın narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Müəyyən edilib ki, Sakit Musayev, Zahid Quliyev, Cahid Quliyev, habelə hazırda şəxsiyyətləri istintaqla müəyyənləşdirilən İran vətəndaşları və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, külli miqdarda narkotik vasitə olan heroini satış məqsədilə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirmək barədə razılığa gəliblər.

Həmin sövdələşməyə əsasən, Musayevin sifarişi ilə İran vətəndaşları narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək, İrandan Azərbaycana gətirib, Cəlilabad rayonunun Zəhmətabad kəndi yaxınlığında Zahid Quliyevə veriblər. Sonuncu şəxs narkotik vasitəni İran vətəndaşlarından qəbul etməsi barədə Sakit Musayevi məlumatlandırıb və həmin narkotiki ona təhvil vermək üçün Cəlilabad şəhərindəki "İran bazarı" adlanan yerdə görüş təyin ediblər. Musayev təyin olunan yerdə Zahid və Cahid Quliyev qardaşları ilə görüşüb, onların gətirdikləri heroini təhvil alıb və bunun müqabilində Zahid Quliyevə 10 min ABŞ dolları verib.

Musayev həmin heroini özünün idarə etdiyi "Opel" markalı avtomobilin yük yerinə qoyaraq, Bakı istiqamətində hərəkət edib. Musayev MTN əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində saxlanılıb, onun avtomobilinə baxış zamanı 2 kiloqram 580 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işləri başlanılıb, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə, barələrində həbs qətimkan tədbiri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti