...

Azərbaycan prezidentliyinə iddialı seçki təbliğatını havada aparacaq

Siyasət Materials 10 İyun 2008 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir C.Babayeva/ Azərbaycan prezidentliyinə iddialı, müxalif Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev seçki təbliğatını havada aparacaq. "Qəbul olunmuş Seçki Məcəlləsi ilə təbliğat materiallarının divarlara və obyektlərə vurulması qadağan edildiyinə görə, ALDP seçki kampaniyasında Türkiyədən gətirilən 20 ədəd dirijabl və böyük hava şarlarından istifadə edəcək", - deyə partiya sədri çərşənbə axşamı Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Trend -un arayışı: Parlament keçən həftənin bazar ertəsi Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib. Yeni layihəyə görə, prezidentliyə namizədlərin depozit qoyma şərti götürülür. Namizədlər yalnız imza toplayacaqlar. Namizədliyin qeydə alınması üçün tələb olunan 45 min imzanın isə 40 minə endirilməsi nəzərdə tutulur. Bundan əlavə, seçki təbliğatının müddəti 120 gündən 75 günə endirilir. Məcəllədə dövlət televiziyasında namizədlərə pulsuz efir vaxtı ayrılması qadağan edilib. Təbliğat materiallarının divarlara və obyektlərə vurulması qadağan edilib, bunun üçün xüsusi yerlər ayrılması nəzərdə tutulub. Müxalifət əlavə və dəyişikliklərdən narazı qalıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Əliyevin sözlərinə görə, ALDP prezident seçkisində uğur əldə etmək üçün təbliğat-təşviqat kampaniyasında yeniliklərdən istifadə edəcək. "Kampaniyanın uğurlu aparılması üçün Türkiyə, Belçika və Rusiya ekspertlərinin məsləhətlərinə əməl olunacaq", - deyə ALDP sədri bildirib.

Partiya sədrinin bildirdiyinə görə, seçkiöncəsi ALDP seçkidə iştirak qərarı vermiş digər müxalifət partiyaları ilə əməkdaşlıq etməyi nəzərdə tutur.

Trend -un arayışı: ALDP 1999-cu ildə yaradılıb və dövlət qeydiyyatına alınıb.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend

Xəbər lenti

Xəbər lenti